Müasir dövrümüzdə ölkəmizdə bütün sahələrdə əldə olunan nailiyyətlərin kökündə düşünülmüş siyasət, möhkəm siyasi iradə və xalq-dövlət birliyinin real əsasları dayanır. Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub-saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir, onun əbədiliyi təmin edilir. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanı dünyanın inkşaf etmiş ölkələri sırasında nüfuzu, çəkisi olan dövlətə çevirib. Azərbaycan Prezidenti İlham Əliyevin 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 20 il ötür. Ümummilli Liderin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün çağırışlarına çevik reaksiya verən, yüksək idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı Lider olduğu bir daha təsdiqini tapır. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir.
10 yanvar tarixində Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verdi. Azərbaycan Prezidenti İlham Əliyev müsahibəsində çoxsaylı vacib məqamların üzərində dayandı. Dövlətimizin başçısı bu müsahibə ilə həm yola saldığımız 2023-cü illə bağlı, həm Prezident kimi, fəaliyyətinin 20 illiyinə dair hesabat verdi, həm də ümumən Azərbaycanın 1993-cü ildən başlayaraq inkişaf dinamikasını əks etdirən kifayət qədər dolğun məzmunlu fikirlər səsləndirdi. Prezident güclü və qüdrətli, öz məqsədinə doğru inamla, qətiyyətlə, səbr və təmkinlə irəliləyən Azərbaycan obrazını canlandırdı.
Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ilin sentyabrın 19-20- də keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimizin bərpası haqqın və ədalətin təcəllisidir. Dövlətimizin başçısı antitettor tədbirlərini labüdləşdirən məqamları açıqlayır və bu sırada beynəlxalq ictimaiyyətin bəzi qütblərinin Qarabağda separatizm yuvasını saxlamaq cəhdlərindən tutmuş, Ermənistanın həmin cəhdlərdən illüziyaya qapılaraq, həyata keçirdiyi təxribatçı əməllərə, o cümlədən, yüzlərlə insanımızın həyatına son qoymuş mina terrorunadək, bir sıra məsələlər üzərində dayanır. Bütün bunlara layiqli cavab verilməli idi və cəmi 23 saat ərzində verildi də. Amma dövlətimizin başçısı qarşıya qoyulan hədəfə 23 saat deyil, daha tez çatıldığını da açıqladı ki, bu da lokal xarakterli antitettor tədbirləri ilə əlaqədar gələcək tədqiqatların mövzusu kimi nəzərdən keçirilməsi vacib olan amildir. Prezidentin vurğuladığı bu xüsus da son dərəcə vacibdir: “Biz bütün nəzərdə tutduğumuz mövqelərə çıxdıq, bütün kommunikasiyalara sahib olduq, bütün təpələrigötürdük və faktiki olaraq separatçıların təslim olmaları qaçılmaz idi, labüd idi, təslim olmasaydılar məhv olacaqdılar”.
Prezident İlham Əliyevin müsahibəsindəki ədalətə inanmaq fikiri parlaq səslənir. Ulu öndər Heydər Əliyev inamı gənc respublikanın düçar olduğu saysız-hesabsız problemlər içərisindən, sanki, şam işığı ilə tapıb cəmiyyətə təqdim etmişdi. Ümummilli lider, demək olar ki, hər çıxışında haqq davamız üçün ideoloji zəmin hazırlamışdı. Bu böyük şəxsiyyət ədalətə inam hissini Qarabağ dərdimizin qaysaq bağlamasına imkan vermədən aşılamışdı. Prezident İlham Əliyev 2003-cü ildən başlayaraq, eyni kursu reallaşdırmaqla, Qarabağın və işğal edilmiş digər yurd yerlərimizin timsalında həm haqq və ədalət mübarizəmizi möhkəmləndirdi, həm də əməli fəaliyyəti ilə inamın təntənə anına qovuşması naminə, bir növ, yol xəritəsi müəyyənləşdirdi. Dövlətimizin başçısı da Ulu Öndər Heydər Əliyev kimi, bütün mötəbər beynəlxalq tribunalarda Qarabağ həqiqətlərini təbliğ etdi. Dövlətimizin başçısının da vurğuladığı kimi, əsas məqsədlərə çatmaq üçün minimum təzyiqlə üzləşmək taktikası, bütün manipulyativ təklifləri nəzərə almadan, böyük hədəfə doğru məqsədyönlü hərəkət təşkil etmişdi. Bu mənada Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər siyasi dərsliklərə düşəcək qədər mötəbərdir: “Xalqımızın bütün təbəqələri öz işi ilə Qələbəni yaxınlaşdırdılar. Qələbəyə hazırlıq ümummilli bir məsələyə, ümummilli hərəkata çevrildi və 30 il ərzində bir çox beynəlxalq tərəfdaşlarımızın səylərinə baxmayaraq, bu mövzu unudulmadı”.
Qeyd edək ki, 2020-ci ilin Vətən müharibəsinədək qarşılaşdığımız çətinlikləri dəf etmək son dərəcə müşkül idi. Amma müharibədən sonrakı durumun da ağırlığını xüsusi vurğulamağa ehtiyac var. Prezident İlham Əliyev müsahibəsində həmin məqama dolğun şəkildə nəzər salır. Dövlətimizin başçısının bildirdikləri əsəb müharibəsinin fraqmentləri kimi müstəsna tarixi əhəmiyyətə malikdir və heç şübhəsiz, zaman keçdikcə 2020-ci ildən sonra apardığımız psixoloji savaşın bütün incəlikləri açıqlanacaq. Nəzərə alaq ki, bir sıra tarixi proseslər üzərindən müəyyən müddət keçdikdən sonra vətəndaşlıq hüququ, tarixin yaddaşında əbədi qalma üstünlüyü qazanır. Bu aspektdən yanaşsaq, ötən il aprelin 23-də yaşanmış hadisə də şanlı tariximizin bir parçasıdır. Həmin tarixdə Həkəri çayı üzərində yaradılmış “Laçın” sərhəd-buraxılış məntəqəsi 2020-ci il noyabrın 8-də yaşanmış Şuşa zəfərinin tamlaşmasını təmin etmişdi. Dövlətimizin başçısı da bu məqamı qabardaraq bildirir ki, 19-20 sentyabr əməliyyatının qısa müddət ərzində aparılmasının əsas səbəbi Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədinin nəzarətdə olması idi.
Prezident İlham Əliyevin 44 günlük müharibədən sonrakı dövrdə Azərbaycan Silahlı Qüvvələrinin gerçəkləşdirdiyi bütün əməliyyatların strateji əhəmiyyətini vurğulaması bir daha onu göstərir ki, dövlət suverenliyimizin bərpası güclə düşünülmüş, məntiqi siyasətin müqəddəs vəhdət məhsuludur. Bəli, sentyabrın 20-də yaşanmış təntənə Prezidentin ölçülü-biçili siyasət trayektoriyasının parlaq nəticəsi idi.
Müsahibə zamanı bir məsələyə də toxunan Prezident İlham Əliyev bildirir ki, antiterror tədbirlərinədək Qarabağda qanunsuz seçkilərin keçirilməsi razılaşmanın pozulması idi: “Sentyabrın 9-da qanunsuz seçkilərin keçirilməsi qırmızı xətt idi. Birinci qırmızı xətt isə Ermənistanın baş naziri Paşinyanın sentyabrın 2-də separatist rejimə təbrik məktubunun göndərilməsi idi. Bu, həm qırmızı xəttin pozulması idi, həm də ki, ümumiyyətlə, çox təzadlı bir addım idi”.
Dövlət başçısının çıxışında Ermənistanla sülh sazişinin imzalanmasına hazırlıq prosesi və Fransanın Cənubi Qafqaz regionunda destruktiv siyasəti ilə bağlı yer almış fikirləri ön plana çıxarıb. Prezident İlham Əliyev İrəvanın tədricən sülh prosesinə hazırlandığını, Fransanın isə yeni müharibə üçün Ermənistanı silahlandırdığını söyləyib. Eyni zamanda, Azərbaycanın lideri iki ölkə arasında danışıqlar prosesində təminatçılara ehtiyac olmadığını vurğulayıb. Eyni zamanda, Prezident İlham Əliyev Ermənistanla sülh sazişinin tezliklə imzalanacağına ümidvar olduğunu bildirib, Parisi erməni silahlı qüvvələrini silahlandırmaqda, regional sülhə əngəl törətməkdə ittiham edib.
Onu da əminliklə söyləmək mümkündür ki, 2024-cü ildə dövlətimiz və xalqımız üçün yeni tarixi mərhələ başlayır ki, fevralın 7-də keçiriləcək Prezident seçkiləri ilə həmin mərhələyə uğurlu start veriləcəyi şübhəsizdir. Mövcud məqam Prezident İlham Əliyevin özünəxas üslubda verdiyi izahda da əksini tapır: “Son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalıq düzgün seçim etmişdi. Müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək oolmaz xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi”.
Bir sözlə sonda qeyd etmək istəyirəm ki, dövlət başçısının yerli telekanallara geniş müsahibəsi diqqət mərkəzində olub. Prezident İlham Əliyev Ona ünvanlanan digər vacib məsələlərlə bağlı sualları da tam əhatəli və dolğun bir şəkildə, yüksək səviyyədə cavablandırdı.
Mehdi Mehdiyev,
Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri