Siyasi partiyaların fəaliyyətinin bütövlükdə hüquqi müstəvidə həyata keçirilməsini təmin edən qanunvericilik bazasının mövcudluğu müasir dövlətin siyasi sisteminin səmərəli fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edir. Qanunun aliliyi konsepsiyasının mahiyyəti və məzmunu müxtəlif publik-hüquqi institutların və ya qeyri-dövlət, o cümlədən könüllülük prinsipinə əsaslanan ictimai birliklərin, demokratik təmsilçiliyinə əsaslanan təsisatların idarə olunmasında vətəndaşların iştirakını təmin edən qurumların fəaliyyətinin hüquqi tənzimlənməsini birmənalı olaraq ehtiva edir. Bu baxımdan, siyasi partiyaların institusionallaşması probleminə və onların fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsinə Azərbaycan Respublikasında müstəsna diqqət yetirilir.
Xatırlatmaq lazımdır ki, 1992-ci il iyunun 3-də qəbul edilmiş və ötən dövr ərzində 60-dan çox dəyişikliyə məruz qalan “Siyasi partiyalar haqqında” Qanun bu növ ictimai birliklərin hüquqi tənzimlənməsinin çağdaş təcrübəsini yetərincə əks etdirmir və ölkəmizin hazırki inkişaf mərhələsində mövcud siyasi reallıqları nəzərə ala bilmir.
Həqiqi çoxpartiyalı sistemin formalaşması, siyasi plüralizmin inkişafı, bütün siyasi təşkilatların fəaliyyəti üçün bərabər hüquqlu şəraitin yaradılması, ictimai münasibətlərin inkişafı üçün partiyaların yeni formatlara uyğunlaşması “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanmasını tələb etmişdir. Bu baxımdan siyasi partiyaların fəaliyyətinin hüquqi əsaslarının yenilənməsi üçün partiya rəhbərlərinin Milli Məclisin sədrinə müraciət etmələri təbii addım idi.
Belə bir təşəbbüsü dəyərləndirərkən, diqqətə almaq lazımdır ki, qanun yaradıcılığı prosesinin tam səffaflığı və onun subyektlərinin reprezentativ, sanballı xarakter daşıması, diskussiyaların demokratik şəkildə aparılmasının tımin olunması istiqamətində lazımi işlər görülmüşdür. Bunun mühüm nümunəsi – Milli Məclisdə siyasi partiyaların, vətəndaş cəmiyyətinin müxtəlif təmsilçilərinin, dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə ictimai dinləmələrin cari ilin senyabr ayının 28-də keçirilməsinin nəzərdə tutulmasıdır.
Qeyd edək ki, qanun yaradıcılığı təcrübəsində ilk dəfə olaraq parlament komitələrinin iclaslarında rəsmi müzakirələrdən əvvəl layihənin müvafiq mətni Milli Məclisin internet saytında yerləşdirilmişdir. Bundan başqa, Milli Məclis hələ iyulun 26-da dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara müraciət edərək, onları yeni qanun layihəsi ilə bağlı təklifləri təqdim etməyə dəvət etmişdir və 39 partiya bu cür təkliflərlə çıxış etmişdir.
“Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanmasında böyük həcmdə müqaisəli materiallardan istifadə olunmuşdur. Belə ki, 20-dən çox dövlətin siyasi təcrübəsi və müvafiq qanunvericiliyi nəzərdən keçirilmişdir, Venesiya Komissiyasının 2010, 2020-ci illərə hazırladığı tövsiyyələr, və xüsusilə, “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi haqqında Əsasnamə” nəzərə alınmışdır.
Birmənalı olaraq vurğulanmalıdır ki, siyasi partiyalar haqqında qanunvericiliyin əsaslı şəkildə yenilənməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən ictimai-siyasi institutların təkmilləşdirilməsi və səmərəli, konsruktiv siyasi dialoqun genişmiqyaslı inkişafı prosesinin tərkib hissəsidir. Ölkə Başçısının rəhbərliyi ilə həyata keçirilən sistemli islahatlar dövlətin və cəmiyyətin həyatının bütün sahələrini, o cümlədən siyasi partiyaların fəaliyyətini əhatə edir ki, bu da yeni, müasir siyasi mədəniyyətin, siyasi plüralizmin inkişaf etmiş sisteminin formalaşmasına imkan verir.
Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü