Siyasi partiyaların həmrəylik bəyanatı siyasi mədəniyyət nümunəsidir

 

Dövlətimiz və xalqımız üçün həyati əhəmiyyət kəsb edən mürəkkəb bir şəraitdə siyasi partiyalar tərəfindən ölkəmizin bütün vətəndaşlarının, dünya azərbaycanlılarının milli birliyə, vəhdətə səslənilməsi siyasi yetkinliyin göstəricisi kimi mühüm əhəmiyyətə malikdir.

Ermənistanın Azərbaycanın konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı ölkəmizin keçirdiyi lokal antiterror tədbirlərinə siyasi partiyalar dəstək Bəyanatı qəbul ediblər.

44 günlük Vətən müharibəsində olduğu kimi, bu dəfə də ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan, İlham Əliyevi dəstəklədiyini bəyan etmişlər. Ölkədə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olunub. Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiyini, onun ətrafında sıx birləşdiyini bəyan etmişlər. Cənab Prezident İlham Əliyevin haqlı və ədalətli mövqeyini dəstəkləyən Bəyantda qeyd olunur ki, Azərbaycan dövlətinin Ermənistana doğru uzanmış sülh əli hər dəfə geri qaytarılmış və bunun qarşılığında Ermənistanın, onun dünyadakı məkrli havadarlarının Azərbaycana qarşı qarayaxma kampaniyası baş qaldırmışdır. Azərbaycan dövlətinin dəfələrlə üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, təxirəsalınmadan sülh müqaviləsinin imzalanması müraciətləri Ermənistan tərəfindən müxtəlif bəhanələrlə rədd edilmişdir. Odur ki, antiterror tədbirlərin görülməsi qaçılmaz oldu.

Siyasi partiyalar tərəfindən göstərilən bu dəstək təkcə siyasi partiyaların xalqımız üçün çətin məqamda, dövlətimizin həyatında taleyüklü məsələlərin həllində bir narahatçılıqdan əlavə  həm də siyasi bir mədəniyyətin təzahürü idi. Son vaxtlar Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin çağırışları əsasında ölkədə yeni bir siyasi mühit formalaşır, siyasi partiyalarla iqtidar arasında dialoq dəstəklənir, xalqı və dövləti narahat edən taleyüklü məsələlərlə əlaqədar qarşılıqlı hörmət əsasında fikir mübadiləsi aparılır.

Hakimiyyətin siyasi dialoqla bağlı bütün jestlərinə rəğmən öz xain mövqe və məkrli niyyətlərinə sadiq qalmış “trio”. Vətənsevər siyasi qüvvələrin Bəyanatına imza vurmaqdan imtina etmiş Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və Real Partiyası bir daha öz xain xislətini nümayiş etdirdilər. Özlərini xalqın, millətin yanında olduqlarını göstərməyə çalışan Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası Vətənimizin ağır günündə, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatlarına da digər siyasi partiyalarla birlikdə dəstək vermədilər.Azərbaycan xalqının son 30 ildir səbirsizliklə gözlədiyi Vətən müharibəsinin başlamasının ilk  günündə də və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycanın müzəffər Ordusunun bölgədə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinə də Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və Real Partiyası  ümummilli dəyərlərə sahib çıxmayaraq, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsinə sevinməyərək, əsl simalarını göstərdilər. Siyasi ədavət saxlayan bu partiyalar belə tarixi bir gündə Ali Baş Komandan İlham Əliyevin yanında olma qabiliyyətini göstərə bilmədilər. Cənab Prezident İlham Əliyevin son zamanlarda həyata keçirdiyi islahatları görməyən, daxili ictimai-siyasi həyata yeni nəfəs verən siyasi dialoq çağırışına cavab verməyən Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və Real Partiyasının dövlətimizin və xalqımızın çətin və şərəfli günündə birlik və bərabərlik kimi milli çağırışlara qoşulmamaları böyük bir təəssüf doğurur. Belə bir məqamda Azərbaycanın haqq və ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Tarixi ədalət və haqq uğrunda aparılan müharibədə xalq iqtidar və müxalifət cəbhələrini bölünməz edir.

Qərbi Azərbaycan İcması hər zaman olduğu kimi öz fəal mövqeyini nümayiş etdirdi və beynəlxalq ictimaiyyəti ədalətə çağırdı. Rəsmi İrəvanı hərbi təxribatlara görə öz Bəyanatında qınayan İcma Azərbaycan tərəfinin beynəlxalq hüququn norma və prinsipləri əsasında atdığı ardıcıl addımlar Ermənistana sülhü və əməkdaşlığı seçmək imkanı yaratdığını bildirmişdir.

 

Aslan Mehdiyev,

Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai şuranın sədri