“Azərbaycanda körpələr ilk üç peyvəndi doğum evində alır”.
Sabahinfo.az xəbər verir ki, bunu TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin Pediatrik xidmətlərin təşkili şöbəsinin müdiri Esmira Hacıyeva deyib.
Onun sözlərinə görə, doğum evində ilk 12 saat ərzində onlara hepatit B-yə qarşı “Hep B”, doğumdan sonrakı 4-7 gün ərzində isə vərəmə qarşı BSG və uşaq iflicinə qarşı poliomielit peyvəndi - OPV vurulur:
“Uşaq evə yazıldıqdan sonra ərazi üzrə poliklinikada qeydiyyata alınır və növbəti peyvəndlər həmin tibb müəssisəsi tərəfindən mütəmadi şəkildə həyata keçirilir”.
Peyvəndləri zəncirvari tətbiq edilməsində məqsəd uşaqların immunitet qazanması və yoluxucu xəstəliklərə yoluxmamasına nail olmaqdır.
E.Hacıyeva sözlərinə görə, uşaqlara təqvimə uyğun peyvəndlər vurularsa, onlar bir çox xəstəliklərə yoluxmaz və ya hər hansı birinə yoluxarsa, xəstəliyi daha yüngül keçirər:
“Uşaqların pediatr və müvafiq ixtisaslı həkimin yoxlanışından sonra peyvənd olunması vacibdir. Bir sıra hallarda uşağın sağlamlıq vəziyyətində hər hansı problem aşkar olunduğu halda ona peyvənd vurulması müvəqqəti olaraq ertələnir, uşaqlara tam sağaldıqdan sonra peyvənd vurulur. Bəzi hallarda isə peyvəndlərin vurulması uşaqda buna əks-göstəriş olduğu səbəbindən tövsiyə olunmur (Məsələn, uşaqda allergiya prosesinin kəskinləşməsi dövründə və ya ağır gedişli qan xəstəlikləri zamanı və s.).
Uşaqlara vurulan peyvəndlərin əksəriyyəti 6 yaşa qədər tamamlanmış olur. Belə ki, bir çox peyvənd bir neçə dəfə, müxtəlif yaşlarda və kombinasiyalarda verilir. Peyvəndlər arasındakı interval ən azı bir ay olmalıdır. Peyvənd olunduqdan sonra individual hallarda körpədə inyeksiya yerində şişlik, ağrı və qızdırma kimi yanaşı təsirlərə rast gəlmək olar. Uşaqlarda hər hansı bir əks-reaksiya baş versə də, bilmək lazımdır ki, peyvəndlərin faydaları mümkün yan təsirlərdən qat-qat üstündür”.