2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 86 saylı Ağcabədi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Tahir Rzayevin rayonun Hacıbədəlli və Təzəkənd kəndlərində seçicilərlə görüşü keçirilib.
Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov Yeni Azərbaycan Partiyasının bu zamana qədər Azərbaycanın yüksəlişində - ictimai siyasi sabitliyin qorunması, əhalinin rifahının yaxşılaşdırılması və milli həmrəyliyin gücləndirilməsində mühüm rol oynadığını qeyd edib. Milli Məclisə keçirilən seçkilərin önəmini vurğulayan R.Əhmədov 1 sentyabrda hər kəsi seçkidə iştirak etməyə və YAP-ın namizədinə Tahir Rzayevə səs verməyə çağırıb.
Tahir Rzayev seçicilərə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Ölkəmizin qazandığı nailiyyətlərdən bəhs edən namizəd bildirib ki, hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, Azərbaycanın milli gücünün artmasını təmin edib. “Son 30 ildə möhtəşəm nailiyyətlər qazanmışıq”, - deyən T.Rzayev qeyd edib ki, budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır.
Hacıbədəlli kənd sakini Sabir Cəlilov, Təzəkənd kənd sakinləri Hacı Həziyev, Raquf Ağayev və Rizvan Şıxəliyev 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar