Son müşavirə qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə icra edildiyini göstərdi - Deputat

Cari ilin ilk altı ayının nəticələri deməyə əsas verir ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr icra edilir. Bunu Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə səslənən rəqəmlər də təsdiqləyir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov səsləndirib.

O bildirib ki, Prezident İlham Əliyev müşavirədə çıxışı zamanı görülmüş işlər, əldə olunan nəticələr haqqında geniş məlumat verdi, həmçinin qarşıda dayanan vəzifələri müəyyənləşdirdi. Belə ki, əvvəlki dövrlərdə olduğu kimi, cari dövr ərzində də dayanıqlı inkişafın təmin edilməsi istiqamətində atılan addımlar uğurlu olub, nəticədə altı ay ərzində qeyri-neft sektoru 3 faizdən çox artıb, maliyyə vəziyyətimiz büdcədə dürüstləşmə aparacaq qədər yaxşılaşıb.

“2023-cü ilin altı ayının yekunları göstərdi ki, iqtisadi artım iqtisadiyyatın demək olar bütün sektorlarını əhatə etməkdədir. Qeyri-neft sənayesi 6,5 faiz, qeyri-neft sektoru 3 faizdən çox artıb. Eləcə də, xarici dövlət borcu azalıb. Eyni zamanda, Azərbaycanda aparılan iqtisadi islahatlar, şəffaflaşdırma siyasəti büdcə gəlirlərinin artmasına, maliyyə imkanlarının əhəmiyyətli dərəcədə yüksəlməsinə şərait yaradıb. Bir sözlə, bu ilin ilk altı ayının göstəriciləri bir daha isbat edir ki, Azərbaycan bütün sahələrdə uğurla inkişaf edir. Heç şübhəsiz ki, ötən altı ayın yekunları keçən il əldə edilmiş uğurların davamıdır və onu deməyə əsas verir ki, qarşıda duran bütün vəzifələr uğurla icra edilib. Əldə olunan iqtisadi yüksəliş isə birbaşa aparılan islahatların nəticəsidir. Məhz, bütün sahələrdə şəffaflaşmanın həyata keçirilməsi, korrupsiya ilə ciddi mübarizənin aparılması, bürokratik əngəllərin aradan qaldırılması, maliyyə sektorunda nizam-intizamın təmin edilməsi, investisiya mühitinin daha da sağlamlaşdırılması, gənc və perspektivli kadrların idarəçiliyə cəlb edilməsi Azərbaycanda inkişaf tendensiyasının keyfiyyətcə yeni mərhələsinə keçməyə zəmin yaradıb. Xüsusən də, istər pandemiyadan əvvəlki, istərsə də sonrakı müddətdə, postmünaqişə dövründə Azərbaycan iqtisadi və sosial sahələrdə qarşısında duran bütün vəzifələrin öhdəsindən layiqincə gəlib. 2018-ci ildən sonra ölkədə 3 böyük sosial paketin icra olunması, həssas qrupların təqaüdlərinin, əhalinin maaşlarının artırılması, dünyadakı geosiyasi böhranın doğurduğu təsirlərə baxmayaraq, heç bir sosial layihənin ixtisar edilməməsi bir daha Azərbaycanın uğurlu inkişafından, düzgün siyasətin həyata keçirilməsindən xəbər verir”, - deyə A.Məmmədov diqqətə çatdırıb.

Onun sözlərinə görə, Prezident İlham Əliyev çıxışında silahlı qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlərin görüldüyünə də diqqət çəkdi. Bir daha şahidi olduq ki, Azərbaycanın müdafiə və təhlükəsizlik məsələləri də daim diqqət mərkəzində saxlanılan əsas istiqamətlərdir. Güclü ordu bu gün dövlətlərin milli maraqlarının qorunmasında ən ciddi amillərdən biri kimi çıxış edir. Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 6 milyard manatdan çoxdur. Bu, Ermənistanın dövlət büdcəsi xərclərinin 50 faizindən artıqdır. Təsadüfi deyil ki, biz regionun ən güclü ordusuna sahib ölkəsiyik. Bütün bunlar Azərbaycanın milli təhlükəsizliyinin daha etibarlı qorunmasına imkan yaradır.

Azad edilmiş torpaqlarda da həyata keçirilən abadlıq-quruculuq işlərinin Azərbaycanın öz gücünə reallaşdırdığını qeyd edən A.Məmmədov deyib: “Ölkəmiz edilən təzyiqlərə, tətbiq olunan ikili standartlara baxmayaraq, Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. İşğaldan azad edilmiş ərazilərdə şanlı Zəfərdən dərhal sonra bərpa və quruculuq işlərinə başlanıldı. Qarabağın və Şərqi Zəngəzurun bərpası və hərbi potensialımızın gücləndirilməsi əsas prioritetlər olaraq qalır. Cari ilin 6 ayında bu istiqamətlərdə də ciddi irəliləyişlər var. Birinci mərhələdə yenidən qurulması nəzərdə tutulan 100 yaşayış məntəqəsindən 30-nun - 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında Prezident İlham Əliyev şəxsən iştirak edib və proses keyfiyyətli formada sürətlə davam edir. Digər tərəfdən, büdcə dürüstləşməsi zamanı əlavə edilən 3 milyard manatdan çox vəsaitin 1,8 milyardı Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə ayrılmaqla prosesdə dövlətin iradəsi ifadə olunub.

Ümumilikdə altı ayın yekunlarına həsr olunan müşavirə ölkəmizin uğurla inkişaf etdiyini, bütün istiqamətlər, sahələr üzrə qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə icra edildiyini göstərdi”.