Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər regionlarda müzakirə olunacaq

Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər regionlarda müzakirə olunacaq. Bunu Yeni həyat iqtisadi inkişaf ictimai birliyinin sədri Ədil Ədilzadə deyib. Onun sözlərinə görə, rəhbərlik etdiyi Yeni həyat-iqtisadi inkişaf ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”-dən irəli gələn məsələlərin həllində vətəndaş cəmiyyətinin rolunun arıtırılması” layihəai həyata keçirir. Layihənin məqsədi regionlarda (İsmayıllı, Hacıqabul, Şirvanda ) “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barəsində dəyirmi masalar keçirmək, yerlərdə vətəndaşların maarifləndirməsini təmin etməkdən ibarətdir.

Layihənin ictimai aktuallığından danışan QHT sədri bildirib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”-də əsas prioritet kimi 5 istiqamət müəyyənləşdirilib. Bunlar dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsidir: “Qeyd edilən Milli Prioritetlər, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.
Eyni zamanda sənəddə qeyd olunur ki, yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahı mühüm amildir. İqtisadiyyat inkişaf etdikcə vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin edilməli, əməkhaqqının artımı əmək məhsuldarlığının artımı ilə uzlaşdırılmalıdır. Ölkədə artan gəlirlər daha geniş iqtisadi imkanlar yaratmalı, bütün əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunmalı, xüsusilə qadınların iqtisadi imkanlara çıxışı yaxşılaşmalıdır. Məşğulluqda özəl sektorun payının artması üçün zəruri stimullar yaradılmalı, muzdla işləyənlərin sayında özəl sektor üzrə işəgötürənlərin payı üstünlük təşkil etməlidir. İqtisadiyyatın davamlı inkişafı gəlirlərin ədalətli bölgüsünü təmin etməli, əhalinin aşağıgəlirli təbəqəsinin sosial-iqtisadi rifahını artırmalıdır. Qeyri-formal məşğulluğun həcmi müəyyənləşdirilməli və qarşısının alınması üçün kompleks tədbirlər həyata keçirilməli, gəlirlərin leqallaşdırılması istiqamətində işlər görülməlidir. Ölkənin bütün təbəqələri cəmiyyətin ayrılmaz hissəsidir və dövlət onların qayğısına qalmalıdır. Ölkədə yoxsulluq səviyyəsinin minimuma endirilməsi və aşağı işsizlik səviyyəsi, eləcə də yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı yardımların əhatə dairəsinin genişləndirilməsi vətəndaşların sosial müdafiəsinə əlavə imkanlar yaradır. Sosial təminat sisteminin daha effektiv və ədalətli olması hesabına aşağıgəlirli və yoxsulluğa həssas təbəqənin, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial müdafiəsi və sosial təminatı gücləndirilməlidir. Bu məqsədlə ölkədə pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin minimum məbləğlərinin layiqli səviyyəsinə nail olunmalıdır. Pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün onun maliyyə dayanıqlığı gücləndirilməli, pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyi artırılmalıdı
r”.
Ə.Ədilzadə onu da bildirib ki, layihə çərçivəsində 600 ədəd kitabça çap olunacaq ki, bu kitabçada konsepsiyada n irəli gələn məsələlər açıq aydın şərh olunacaq, bu konsepsiyanın yerlərdə vətəndaşların sosial rifahına təsir edən amillər aşılanacaq: “Kitabçada Milli Məclisin İqtisadi-siyasət Komitəsinin deputat üzvləri, eyni zamanda müstəqil iqtisadçıların konsepsiya barəsində fikirlərinə geniş yer veriləcək. Eyni zamanda SABAHİNFO.AZ saytında konsepsiyanın həyata keçiriləsində vətəndaş cəmiyyətinin rolunun artırılması məqsədi ilə 12 yazı dərc olunacaq. Bu yazılar saytla yanaşı facebook sosial şəbəkəsində 10 mindən artıq üzvü olan quruplarda paylaşılacaq. Gündəmdə saxlanılacaq”.