Sosial sahibkarlıq subyektlərinin inkişaf etdirilməsi günümüzün tələbidir 

Sosial sahibkarlıq sosial problemlərin həlli yollarını axtaran və ya onları tamamilə aradan qaldıran fərd və ya təşkilatlardan ibarət sahibkarlıq növüdür. Sosial sahibkarlıqda kapitalist sisteminin üstünlüklərindən cəmiyyət üçün istifadə edilir. İş həyatında məhsuldarlıq və mənfəət kimi anlayışlar sosial sahibkarlıqda ictimai fayda, xeyirxahlıq və fədakarlığa çevrilir. 

Biləsuvarda Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi də oz fəaliyyətində bu sahənin inkişafına dəstək vermək üçün  sosial sahibkarlıq subyekti təsis etdi. Bu subyektin  əsas fəaliyyət istiqaməti yeni təsərrüfat sahəsi yaratmaq və aztəminatlı ailələri yeni biliklər, eyni zamanda təsərrüfat bacarıqlarına yiyələndirməkdir. Birliyin əzmkar heyətinin üzvləri öz məqsədlərinə çatacaqlarına əmindir. 

İlk fəaliyyət istiqaməti yaş barama istehsalı və emalıdır. Bu elə bir təsərüfat sahəsidir ki, bu həm sağlam həyat, həm də sağlam dünyadır. Xammal istehsal etmək üçün təbiətin ağ ciyəri olan ağacların əkilməsi eyni zamanda ekoloji baxımdan da faydalıdır. Beləliklə, həm məhsul istehsalına xammal əldə edirsən, həm də bilavasitə təbiətə tövhə vermiş olursan. Bütün bu amillər ölkəmizin sosial-iqtisadi inkişafına təkan verir, həmçinin, ekoloji atmosferini saflaşdırır. Gələcəyi parlaq olan bu qəbildən olan ideyaların reallaşması məqsəddilə birlik tərəfindən tədbirlər planı işlənib hazırlanmışdır. Birliyin kollektivi hazırladıqları bu tədbirlər planının reallaşacağına böyük ümidlər bəsləyir.