Sosial şəbəkələrdə prezidentliyə namizədlərlə bağlı saxta hesablar yaradılır

Bir sıra sosial şəbəkə seqmentlərində Prezident seçkilərində namizədlikləri qeydə alınmış şəxslərlə bağlı saxta hesablar yaradılır və onların adından həqiqətə uyğun olmayan məlumatlar yayılır.

Sabahinfo.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə yaydığı açıqlamada bildirilir.

"Seçkilər ərəfəsində bu tipli fəaliyyət məqsədyönlü şəkildə ictimai rəyi çaşdırmağa, namizədlərin reputasiyasını ləkələməyə yönəlmiş addımdır. İctimaiyyəti belə yalan və təxribat xarakterli paylaşımlara inanmamağa, yalnız prezidentliyə namizədliyi qeydə alınmış şəxslərin rəsmi açıqlamalarını və onların sosial media hesablarında yerləşdirilmiş məlumatları əsas götürməyə çağırırıq.

Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların təsirinə düşməmək üçün sayıq olmağa səsləyirik.

Qeyd olunan saxta hesabların mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir", - deyə açıqlamada qeyd olunub.