Məşhur Məmmədov,
Millət vəkili
Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Bu dəyişikliklərə əsasən, 2025-ci il fevralın 1-dən etibarən Azərbaycanda minimum pensiya məbləği 280 manatdan 320 manata yüksəldilib.
Bu qanun ölkədə sosial müdafiənin gücləndirilməsi, pensiyaçılar üçün həyat səviyyəsinin yaxşılaşdırılması və onların rifahının artırılması məqsədini daşıyır. Minimum pensiyanın artırılması təxminən 200 min pensiyaçını əhatə edəcək.
Bu dəyişiklik, Azərbaycan hökumətinin sosial siyasətində vətəndaşların rifahına önəm verməsinin növbəti göstəricisidir.
Son illərdə ölkədə əmək pensiyalarının artırılması istiqamətində atılan addımlar davamlı sosial siyasətin tərkib hissəsidir. Bu çərçivədə minimum pensiyanın artırılması pensiyaçılar üçün əlavə maddi dəstək yaradır və hökumətin sosial müdafiə sahəsində həyata keçirdiyi islahatların davamlı olduğunu göstərir və pensiyaçıların alıcılıq qabiliyyətinin qorunmasına töhfə verir.
Bütövlükdə, bu dəyişiklik dövlətin aztəminatlı təbəqənin sosial rifahını yaxşılaşdırmaq istiqamətində apardığı siyasətin tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Azərbaycan hökuməti sosial siyasətində hər zaman vətəndaşların rifahına xüsusi önəm verir. Bu istiqamətdə həyata keçirilən əsas tədbirlər pensiya və maaş artımlarıdır. Minimum pensiyanın və əməkhaqlarının mütəmadi artırılması vətəndaşların sosial rifahının yüksəldilməsinə xidmət edir.
Sosial müdafiə proqramları da vacib istiqamətlərdəndir. Aztəminatlı ailələr, şəhid ailələri, müharibə veteranları və əlillər üçün sosial müavinətlərin artırılması və müxtəlif güzəştlərin tətbiqi hər zaman diqqət mərkəzindədir.
Məşğulluq və əmək bazarının inkişafı da dövlət üçün hər zaman prioritetdir. İş yerlərinin yaradılması, gənclərin məşğulluq proqramlarına cəlb olunması və peşə təhsili imkanlarının genişləndirilməsi üçün layihələr icra edilir, qanunlar qəbul olunur.
Son vaxtlar səhiyyə və təhsil sahəsində islahatlar da əhalinin sosial rufahı üçün atılan addımlar sırasına daxildir. Tibbi xidmətlərin keyfiyyətinin artırılması, icbari tibbi sığortanın tətbiqi və təhsilin əlçatanlığının yüksəldilməsinin əsas məqsədi vətəndaş məmnuniyyətidir.
Sosial infrastruktur layihələrinə geniş yer verilməsi də bu qəbildən görülən işlərə aiddir. Yeni yaşayış binalarının tikilməsi, aztəminatlı ailələr üçün sosial mənzillərin istifadəyə verilməsi və nəqliyyat xidmətlərinin inkişafı vətəndaşlara xidmət edəcək.
Görülən tədbirlər, verilən qərarlar vətəndaşların sosial müdafiəsini gücləndirmək və onların həyat səviyyəsini yüksəltmək məqsədi daşıyır.