Milli Məclisin sədri Sahibə Qafarova Slovakiya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri İvan Korçokla görüşüb. Bu barədə parlamentdən məlumat verilib. İvan Korçok Milli Məclisin sədri ilə görüşdən məmnunluğunu bildirib və Azərbaycanla Slovakiya arasında əlaqələrin inkişaf perspektivlərindən danışıb. Nazir bu əlaqələrin dərinləşməsində parlament diplomatiyasının rolunu ifadə edib. O, qanunverici orqanlar arasında əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb, yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edib. Cari ilin mart ayında Azərbaycana səfərini və keçirdiyi görüşləri xatırlayan İvan Korçok bu cür səfərlərin iki ölkə arasındakı münasibətlərə müsbət töhfə verdiyini diqqətə çatdırıb.
Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan və Slovakiya arasında uğurlu siyasi münasibətlər digər sahələrdə də əlaqələrin daha da inkişafına imkan verir. Azərbaycan Avropa İttifaqına üzv ölkələrlə əməkdaşlığın daha da genişləndirilməsində, inteqrasiya proseslərinin sürətləndirilməsində maraqlıdır. Ölkəmiz Avropa İttifaqına üzv olan ölkələrdən biri kimi Slovakiya ilə münasibətlərin inkişafına önəm verir. Ölkələrimizin bir sıra beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq etdiyini xatırladan spiker Sahibə Qafarova parlamentlərarası əlaqələrin də daha da inkişafı üçün yaxşı zəmin olduğunu deyib. Sədr qeyd edib ki, sivilizasiyaların qovuşduğu Azərbaycan bu gün multikultural ölkə kimi tanınıb. Burada mövcud olan tolerantlıq digər ölkələr üçün bir nümunədir.
Azərbaycanın 44 günlük Vətən müharibəsi və torpaqlarını işğaldan azad etməsi barədə məlumat verən Milli Məclisin sədri deyib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şücaəti sayəsində Ermənistanın 30 illik işğalına son qoyulub. Azərbaycan öz gücü ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edib. Artıq münaqişə keçmişdə qalıb və Azərbaycan işğaldan azad olunan ərazilərinin bərpasına başlayıb.
Sahibə Qafarova diqqətə çatdırıb ki, Ermənistan işğal dövründə şəhərlərimizi, kəndlərimizi tamamilə dağıdıb və talan edib. Milli Məclisin sədri Ermənistanın regionda sülhün və təhlükəsizliyin təmin olunmasına qarşı törətdiyi təxribatlar, xüsusilə minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi haqqında geniş məlumat verib. Spiker bildirib ki, Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtinası beynəlxalq prinsiplərə ziddir.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, cari ilin iyul ayında Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü müəyyənləşdirilib. Bu Fərmana əsasən, iki yeni rayon - Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb. Zəngəzur dəhlizinin yaradılmasının çox böyük əhəmiyyəti var. Belə ki, bu dəhlizin yaradılması həm regional kommunikasiyaların bərpasına, həm də regionun inkişafına, sülh və təhlükəsizliyin təmin edilməsinə ciddi töhfə olacaq. Ermənistan yeni reallıqları qəbul etməli və buna uyğun davranmalıdır.
Azərbaycan hər zaman əməkdaşlığa açıq olan və əməkdaşlığı təşviq edən ölkədir. Azərbaycanın regional münasibətlərdə bugünədək irəli sürdüyü enerji, nəqliyyat və digər əməkdaşlıq platformaları bütün regionun inkişafına xidmət edib.
Söhbət zamanı iki ölkə arasında iqtisadi münasibətlərin daha da genişləndirilməsi, ticarət dövriyyəsinin artması üçün müvafiq tədbirlərin görülməsi, "COVİD-19" pandemiyasına qarşı mübarizədə atılan addımlar, post-pandemiya dövründə əməkdaşlığın daha da dərinləşdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb