Stoltenberq: Çin qonşularını təhdid edir və digər ölkələri aşağılayır

"Pekin indiyədək Moskvanın təcavüzünü pisləməyib, əksinə, Rusiya ilə iqtisadi, diplomatik və hərbi əməkdaşlığını artırır".

Sabahinfo.az bildirir ki, bunu NATO Baş katibi Yens Stoltenberq "Foreign Affairs" jurnalında dərc olunan "Daha təhlükəli dünya üçün daha güclü NATO" adlı məqaləsində bildirib.

"Əgər Putin Ukraynada qalib gəlsə, bu, ukraynalılar üçün faciə və bütövlükdə dünya üçün təhlükəli olardı. Bu, digər avtoritar rejimlərə öz məqsədlərinə güc yolu ilə nail ola biləcəkləri mesajı verərdi. Xüsusilə Çin Rusiyanın aqressiyasına görə ödədiyi bədəli və ya alacağı mükafatı izləyir. O, Moskvanın hərbi uğursuzluqlarından və beynəlxalq ictimaiyyətin reaksiyasından dərs götürür. Mən bu ilin əvvəlində Yaponiya və Cənubi Koreyaya səfər edəndə onların liderləri açıq şəkildə narahat idilər ki, bu gün Avropada baş verənlər sabah Asiyada baş verə bilər".

Baş katib NATO-nun Çini düşmən kimi görmədiyini deyib və əməkdaşlığa ehtiyac olduğunu deyib.

"Biz nüvə silahının yayılması və iqlim dəyişikliyi də daxil olmaqla, bugünkü qlobal çağırışların öhdəsindən gəlmək üçün Pekinlə təmasda olmağa davam etməliyik. Eyni zamanda, Çin Ukraynadakı müharibəni dayandırmaq üçün Rusiya üzərindəki əhəmiyyətli nüfuzundan istifadə etməlidir. Ancaq, Pekin indiyədək Moskvanın təcavüzünü pisləməyib, əksinə, Rusiya ilə iqtisadi, diplomatik və hərbi əməkdaşlığını artırır. Çin hökumətinin xaricdə getdikcə daha təzyiqedici davranışı və daxildə repressiv siyasəti NATO-nun təhlükəsizliyinə, dəyərlərinə və maraqlarına meydan oxuyur. Pekin qonşularını təhdid edir və digər ölkələri aşağılayır. Çin NATO dövlətlərində kritik təchizat zəncirlərini və infrastrukturu nəzarət altına almağa çalışır. Biz bu çağırışlara açıq şəkildə baxmalıyıq və iqtisadi mənfəət üçün təhlükəsizlik maraqları ilə alver etməməliyik", - Stoltenberq məqaləsində vurğulayıb./apa