Sülh prosesinə ədalətli yanaşma

Prezident İlham Əliyev: “Azərbaycan regiona sülhü müharibə ilə gətirib”

 Artıq ADA Universitetində beynəlxalq mütəxəssislərin iştirakı ilə forumların keçilməsi ənənə halını alıb. Bu cür forumlarda bir sıra vacib yerli və beynəlxalq məsələlər müzakirə edilir, regionumuzda cərəyan edən son proseslərlə bağlı fikir mübadiləsi aparılır. Belə forumların özləlliyi odur ki, əcnəbi ekspert və təhlilçilərin suallarını məhz Prezident İlham Əliyev cavablandırır. ADA Universitetində növbəti belə forum 6 dekabr tarixində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər”adı ilə təşkil edilib. ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığıilə keçirilən toplantında 30 ölkədən 60-dan artıq xarici qonaq iştirak edib. Prezident İlham Əliyev bu dəfəki forumda da iştirak edərək beynəlxaq ekspertlərin suallarına ətraflı şəkildə cavab verib. Cənab Prezident deyib ki, Azərbaycan hər zaman konstruktiv mövqelərdən çıxış edib: “Azərbaycan tərəfi bildirdik ki, sülh sazişi imzalamalıyıq və delimitasiya ilə bağlı komissiyalarımız olmalıdır. Ermənistan deyil, Brüssel deyil, Vaşinqton, Paris və ya Moskva deyil, bunu deyən edən Azərbaycan olub”.

Verilən suallarda Azərbaycanın özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini, Prezident İlham Əliyevin adının Qarabağ müharibəsində qalib gəlmiş Lider kimi vurğulanması qürurvericidir. Həmçinin dövlətimizin başçısının ölkəmizə və Cənubi Qafqaz regionuna sülh gətirən Lider kimi atdığı addımların qeyd olunması da diqqət çəkir. Prezident böyük fəxrlə qeyd edib ki,  Azərbaycan regiona sülhü müharibə ilə gətirib: “Düşünürəm ki, bu, Qafqazda lokal vəziyyətdən daha geniş şəkildə qiymətləndirilməli olan bir məsələdir. Hərbi yolla sülhə necə nail olmaq olar? Uzun illər danışıqlar və işğal zamanı mən Minsk qrupunun həmsədrlərindən eşidirdim, onlardan üçü bir ağızdan qeyd edirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Belə məlum oldu ki, onların hər üçü səhv edirdi. Dövlətçilik tarixinə, geniş beynəlxalq təcrübəyə, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasına baxmayaraq, onlar yanılırdılar. Düşünürəm ki, ya sadəcə, yanlış qiymətləndirdiklərinə görə yanılırdılar, ya da bu, Azərbaycana bir növ mesaj idi ki, siz sülh ssenarisindən başqa ssenariyə əl atsanız, uğur qazana bilməyəcəksiniz. Biz sübut etdik ki, münaqişənin hərbi yolla həlli var. Beləliklə, münaqişə həll olundu”.

Cənab Prezident, həqiqətən, dəfələrlə Ermənistanı sülh müqaviləsinin bağlanmasına dəvət edib. Lakin Ermənistan bu məsələdə də geri addım atmağa çalışır. Sülh müqaviləsinin imzalanmasının ləngiməsi müsbət hal deyil. Əlbəttə ki, buna maneə yaratmaq istəyənlər də var. Onlar fürsətdən istifadə edərək Ermənistan və Azərbaycanın faktiki razılığa gəlməsinin qarşısını almağa cəhd edirlər. Prezident İlham Əliyev forumda sülh prosesini gecikdirən tərəfin Azərbaycan deyil, Ermənistanın olduğunu deyib: “Niyə gecikdirdilər? Bunu bilmirəm. Bu, onların öz qərarı idi, yoxsa bəzi Avropa paytaxtlarında yeni dostları tərəfindən məsləhət görülüb? Bunu bilmirəm, yalnız ehtimal edə bilərəm. Amma fakt budur ki, sentyabrın 11-də göndərdiyimiz şərhlərə cavabı noyabrın 21-də aldıq. İndi Xarici İşlər Nazirliyimiz həmin şərhləri nəzərdən keçirir və biz onu geri göndərəcəyik. Düşünürəm ki, bundan sonra xarici işlər nazirlərinin görüşü məqsədəuyğun olacaq. Çünki indi görürük ki, biz hələ də konsensusa yaxın deyilik, amma Ermənistanın əvvəldən təkid etdiyi bir çox mühüm məsələlər artıq mövcud deyil. Onlar, ümumiyyətlə, mövcud deyil və şərhlərində də yoxdur. Təfərrüatlara çox varmaq istəmirəm, çünki bunun məxfi sənəd olduğunu başa düşürsünüz”.

Azərbaycana qarşı ədalətsizliklər çox olmuşdur. Xüsusən Qarabağ məsələsinin həlli süni şəkildə 30 ilə yaxın müddətdə gecikdirilmişdir. Azərbaycan isə bu müddətdə səbr nümayiş etdirib məsələnin sülh yolu ilə həllinə çalışırdı. Ümumiyyətlə, Azərbaycan regionda hər zaman bu və digər məsələlərlə bağlı  öz təşəbbüskarlığına görə seçilib. Cənab Prezidentin dediyi kimi, regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır: “Bu təbiidir, çünki biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin üzərində suverenliyini tam bərpa etməli idik. Biz bunu sülh yolu ilə etmək istəyirdik, eyni şəkildə biz təqribən 30 il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək istəyirdik. Lakin, təəssüflər olsun ki, bu mümkün olmadı. Bunun bir çox səbəbi var idi və biz onları ötən görüşlərimizdə ətraflı şəkildə müzakirə etmişik”.

Ermənistan ilə Azərbaycan arasında münaqişənin uzanması bir sıra Qərb təşkilatlarının ikili satandart mövqe sərgiləməsi olmuşdur. Maraqlıdır ki, bu ədalətsizliyi forumda iştirak edən əcnəbi ekspertlər də qeyd ediblər. Cənab Prezident indi Azərbaycanın bir neçə beynəlxalq çağırışla üz-üzə olduğunu bildirib: “Təəssüflər olsun ki, tərəfdaş hesab etdiyimiz bəzi ölkələr tərəfindən anlaşılmazlıq görürük. Beynəlxalq hüququn normaları hər kəs üçün mütləqdir və selektiv yanaşmaya yol vermək olmaz”. Bu gün Azərbaycan dayanıqlı sülh sazişinin bağlanmasının tərəfdardır. Bunun üçünsə bütün iştirakçıların istəyi yerinə yetirilməlidir. Yəni birtərəfli sülhü Azərbaycan qəbul etmir. Buna görə də ədalətli yanaşma Azərbaycan üçün çox əhəmiyyətlidir.

 

İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor