1996-2026: Azərbaycan Gənclərinin I Forumundan 30 il ötür

Müstəqil Azərbaycan Respublikasını tarixin ən böyük nailiyyətlərinə yetirmiş Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətində gəncliyə qayğı məsələləri mühüm yer tutur. Bu, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət gənclər siyasətinin müasir dünyamızın reallıqları şəraitində daha böyük əzmkarlıqla davamıdır.

1996-cı ildə Azərbaycan gənclərinə geniş və açıq müzakirə tribunası vermiş ilk forumun keçirilməsi təşəbbüsü gəncləri daha fəal, daha məsuliyyətli və yetkin görmək istəyən Ulu Öndər Heydər Əliyevə məxsusdur. Həmin ildən başlayaraq Azərbaycan gənclərinin forumlarının keçirilməsi artıq ənənə halını aldı. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində hələ dünyada beynəlxalq gənclər günü elan edilmədiyi vaxtda - 1997-ci ildə Azərbaycanda “2 Fevral - Ümumrespublika Gənclər Günü”nün təsis edilməsi haqqında mühüm strateji qərarın qəbulu da gəncliyə verilən yüksək dəyər idi.

Bu forumlar Heydər Əliyevin tarixi qərarına əsaslanaraq gənclərin fikir mübadiləsi aparmaları, öz təklif və ideyalarını səsləndirmələri üçün platformanı təmin etməklə onların dövlətin və cəmiyyətin həyatında fəal iştirakına şərait yaratdı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumu zamanı Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünməlidir. ...Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!”

Və həmin gələcək zaman yetişdi. Xalqımızın Vətən müharibəsində tarixi qələbəsi böyük milli potensialımızı üzə çıxardı. Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Bu nəsil xalqın milli maraqlarının pozulmasına heç zaman yol verməz. Haqqımız olanın əlimizdən alınması ilə barışmaz. Xalqımızın övladları canları-qanları bahasına da olsa, Azərbaycanın adının, bayrağının ucalarda olmasını təmin edirlər.

Vətən müharibəsi ərəfəsində, hərbi əməliyyatların gedişində hər yeri bayraqlarımızla bəzəyən, gur səsi ilə cəmiyyətimizi qələbə ovqatına kökləyən, inam yaradan da əsasən gənclərimiz idi. Prezidentin səfərbərlik çağırışına on minlərlə gənc mərdliklə cavab verdi. Azərbaycanın igid oğulları bu qəhrəmanlıqları real həyatda göstərdilər. Canları-qanları ilə tarix yazdılar. Göstərdilər ki, belə övladları olan, cəsur, mərd qəhrəmanlar yetişdirən Vətən heç vaxt yenilməz. Azərbaycan bundan sonra hər birimiz üçün həm də igidlərimizin mərdliyinə, fədakarlığına görə dəyərlidir. Ölümsüz qəhrəmanlarımızın yaddaşlarda qalan silinməz izləri ilə müqəddəsdir.

44 günlük Vətən müharibəsinin ən ağır yükü cəbhədə misilsiz qəhrəmanlıqlar göstərən, ərazi bütövlüyümüz naminə şəhid olan, yaralanan, hər bir yüksəkliyin, kəndin, qəsəbənin, şəhərin azadlığı üçün silah yoldaşları ilə çiyin-çiyinə birgə böyük əziyyətlər çəkən gənc əsgər və zabitlərimizin üzərinə düşdü.

Azərbaycan övladları əvvəlcə cəbhəətrafı kəndlərimizi, ardınca Suqovuşan qəsəbəsini, Cəbrayıl rayonunu, sonra Hadrut qəsəbəsini, Füzuli, Zəngilan, Qubadlı rayonlarını işğaldan azad etdilər. 2020-ci il noyabrın 8-də xalqımızın mədəniyyət məbədi, musiqi beşiyi Şuşa 28 illik işğaldan sonra ordumuzun şücaəti sayəsində istiqlalına qovuşdu.

Mərd oğullarımız müqəddəs şəhərimizi qol gücünə, ağır silahlardan istifadənin mümkün olmadığı çətin dağlıq şəraitində düşmənlə əlbəyaxa vuruşaraq işğaldan azad etdilər. Gəncliyi tərənnüm edən əsl vətənpərvərlik ruhu budur!

Azərbaycan Prezidenti cənab İlham Əliyev gəncliyin şücaətinə böyük qiymət verərək deyir: “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi”.

Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2007-ci ilin “Gənclər ili” elan edilməsi, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsisi, 2020-ci ili “könüllülər ili” elan edilməsi ölkə başçısının gənclərə diqqət və qayğısının bariz nümunəsidir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır.

Hazırda Azərbaycan gəncliyi ölkəmizdə aparılan davamlı islahatların əsas kadr bazası kimi çıxış edir. Dövlət rəhbəri gəncləri müxtəlif yüksək dövlət vəzifələrinə irəli çəkir. Onlara etimad göstərir. Gənclərin simasında idarəetmə sistemi zamanın çağırışlarına uyğun dəyişir, ölkə həyatına mütərəqqi meyllər daxil olur. Azərbaycan gəncliyi öz bilik və bacarıqları ilə ölkəmizdə aparılan inkişaf proseslərinə töhfə verir. Ümummilli lider Heydər Əliyevin yaratdığı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının sıraları da gənclərin hesabına genişlənir və YAP gənclərin qarşısına xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, ictimai həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında yaxından iştirak etmək kimi önəmli vəzifələr qoyur.

Bu gün qətiyyətlə deyə bilərik ki, gənclərimiz ölkə başçısı cənab İlham Əliyevin uğurla apardığı daxili və xarici siyasi kursunu alqışlayır, bu siyasətin icrasında daim onun yanındadır.

Elnarə Həziyeva