Sülh və təhlüksəzliyin möhkəmlənməsinə xidmət edən əməkdaşlıq

"ATƏT bölgədə sülh və təhlüksəzliyin möhkəmlənməsi, geniş əməkdaşlıq formatının yaradılması istiqamətində Azərbaycanın təşəbbüslərini də alqışlayır. Cənab Prezident İlham Əliyev martın 31-də ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunu qəbul edərəkən bildirdi ki, tərəflər arasında ikitərəfli yaxşı münasibətlər mövcuddur, əlaqələr güclü tərəfdaşlığımızı nümayiş etdirir. Zbiqnev Rau da cənab Prezidentə bəyan etdi iki, ATƏT post-müharibə dövründə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşacağına ümidvardır və bölgədə dayanıqlı sülhün təmin edilməsində öz dəstəyini göstərir. Eyni zamanda, ATƏT-in hazırkı sədr ölkəsi olan Polşa Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərində maraqlı olduğunu bildirib ki, bu da münasibətlərimizin dinamikasına uyğundur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə, ATƏT Qafqaz regionun lider ölkəsi olan Azərbaycanın regional siyasi-iqtisadi proqramlarda fəal rolunu yüksək dəyərləndirir və bu cür xoşməramlı niyyətlərin, əməkdaşlıq mühitinin Mərkəzi və Şərqi Avropa üçün də əhəmiyyətli hesab edir. Azərbaycanın hazırda regionun əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilir və bu baxımdan bütün ölkələrin birgə əməkdaşlıq atmosferasında irəliyə doğru addım atması ATƏT-in də prinsiplərinə uyğundur: "ATƏT-lə pozitiv əlaqələr həmçinin, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq məsələlərində də daim öz müsbət təzahürlərini göstərir.

Ölkəmizin Avropa İttifaqı ilə əlaqələri geniş sahələri, o cümlədən ilk növbədə, iqtisadi və siyasi islahatlara dəstəyi, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və s. kimi müxtəlif çərçivələri əhatə etməkdədir. Tərəflər arasında imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədiyyət sahəsində mühüm əməkdaşlığın inkişafına səbəb olubdur. Həmçinin, Azərbaycan Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Aİ ilə qarşılıqlı birgə layihələrin icrasında fəal rol oynayır. Eyni zamanda, Azərbaycan həm Aİ tərəfindən, həm də Aİ-nin digər təşkilatlarla birgə əməkdaşlığı çərçivəsində müxtəlif sektorlar üzrə, enerji, nəqliyyat, təhsil, mədəniyyət, kənd təsərrüfatı, regional inkişaf, iqtisadi, siyasi və institusional islahatlar və digər sektorlarda çoxsaylı layihələr həyata keçirir. Azərbaycan hazırda çoxşaxəli enerji siyasəti yürütməklə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Ötən 15 il ərzində Avropa bazarında etibarlı neft təchizatçısı kimi etibarlı tərəfdaşa çevrilib və enerji resurslarını şaxələndirərək yeni bazarlar əldə edib. Eyni zamanda, Azərbaycan bir neçə il əvvəl Cənub Qaz Dəhlizinə qoşularaq regionda ən nəhəng qaz marşrutlarının yaradılmasına nail olub. Azərbaycan tərəfindən TANAP və TAP kəmərlərinin qısa illər ərzində başa çatdırmaq böyük iradənin nəticəsi idi və 2020-ci ilin sonundan etibarən ölkəmiz Avropa İttifaqına qaz ixracını təmin etdi. Bu, bir daha Qərbin enerji təhlükəsizliyinin təmin edilməsində son illər respublikamızın artan rolunu və mövqeyinin daha da möhkəlnəndirdi. Qlobal enerji tranzitlərinin istifadəyə verilməsi ilə Azərbaycanın fəal etibarlı dövlət kimi etimadı yüksəldir. Azərbaycan hazırda Avropa bazarında enerjinin çoxşaxəliliyini və yeni resursların ixracını təmin etməyi bacaran ölkə kimi qlobal iqtisadi xəritədə yer alır. Bu dərin əməkdaşlıq Azərbaycan-Aİ əməkdaşlığının real əsasda inkişafı və Avropanın enerji təhlükəsizliyinin təmini üçün vacibdir”.