Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 43 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Tahir Mirkişilinin seçicilərlə növbəti görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşdə Tahir Mirkişilinin fəaliyyəti və gördüyü işləri əks etdirən hesabat xarakterli videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bildirib ki, ölkəmizin siyasi sistemində aparıcı rola malik YAP bu seçkilərə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm ümumxalq Zəfərindən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə gedir.
Çıxış edən deputatlığa namizəd Tahir Mirkişili bu gün Azərbaycan dövlətinin sosial siyasət sahəsində başlıca məqsədinin insana qayğı, onun maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması və sosial ədalət prinsipinin daim qorunması olduğunu deyib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının Proqramında və seçki platformasında da sosial ədalət və insan amili prinsipi əksini tapıb: “Sosial siyasət sahəsində islahatlar davamlı xarakter daşıyır və əhalinin rifahının daha da yaxşılaşması istiqamətində ardıcıl tədbirlərin reallaşdırılması nəzərdə tutulub”.
Tədbir çərçivəsində çıxış edən təşviqat qrupunun üzvləri Prezident İlham Əliyevin uğurlu siyasəti və Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi haqqında danışıblar. Onlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən və keçirilən islahatlardan bəhs ediblər. Həmçinin Ulu Öndər Heydər Əliyev siyasətinin ölkənin sosial-iqtisadi inkişafında oynadığı mühüm rolu vurğulayıblar.
Qeyd edək ki, deputatlığa namizəd T.Mirkişili 10-cu mikrorayon seçiciləri ilə məhəllə görüşü də keçirib.