Sumqayıtda şəhidlərin xatirə lövhələri açılıb

Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhəri 26-cı məhəllədə binanın qarşısında Vətən müharibəsində şəhid olmuş Sarıyataq kənd sakini Məhərrəmov Ülvi Tahir oğlu və Sumqayıt şəhər sakini Hüseynov Ülvi Möhsün oğlunun xatirə lövhələrinin açılışı olub. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov, Milli Məclisin deputatı Müşviq Məmmədli, Sumqayıt şəhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general Natiq Qarayev, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, şəhidlərin yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş Vətən oğullarının xatirəsini anıblar. Sonra hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib.

Bildirilib ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər-zabitlərimizin qəhrəmanlığı və xalqın birliyi dəmir yumruq kimi birləşərək işğalçıya sarsıdıcı zərbə vurub. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdilər. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi, diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz qətiyyət göstərdi. 44 günlük müharibədə ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.

Tədbirdə şəhidlərin döyüş yoldaşları onlarla bağlı xatirələrini bölüşüblər.

Sonra vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirilib.

Şəhidlərin yaxınları, eləcə də ailə üzvləri çıxış edərək, göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Qubadlı rayonunun Sarıyataq kənd sakini Ülvi Tahir oğlu Məhərrəmov 1997-ci il iyulun 5-də Sumqayıt şəhərində anadan olub. 2012-ci ildə Mahruzlu kənd tam orta məktəbinin 9-cu sinfini, 2015-ci ildə isə Naxçıvanski adına Hərbi Məktəbi bitirib. Sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyaya qəbul olub və 2019-cu ildə leytenant hərbi rütbəsi alaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində taqım komandiri vəzifəsinə təyin edilib. 2020-ci ilin sentyabr ayından bölük komandiri vəzifəsinə təyin olunub.

Ülvi 2020-ci il oktyabrın 14-də Xocavənd rayonu ərazisində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Sumqayıtdakı “Şəhidlər xiyabanı”nda dəfn edilib. “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ülvi Möhsün oğlu Hüseynov isə 1988-ci il aprelin 16-da Ordubad rayonunun Sabir kəndində anadan olub. Azərbaycan Ordusunun kapitanı olan Ülvi Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 7-də Şuşa döyüşlərində şəhid olub.

“Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı, “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Şücaətə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.