Sürücülərin sosial məsuliyyətinin artırılması yolları

  Müasir cəmiyyətlərin inkişafı təkcə iqtisadi göstəricilər və texnoloji nailiyyətlərlə deyil, həm də insanların sosial davranış mədəniyyəti ilə ölçülür. Bu davranışın ən mühüm təzahürlərindən biri isə yol hərəkətində iştirak edən şəxslərin, xüsusilə də sürücülərin məsuliyyətidir. Yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verən qəzalar hər il minlərlə insanın həyatına son qoyur və yüz minlərlə insanı yaralanma və əlilliklə üzləşdirir. Bu problemlərin kökündə yalnız texniki çatışmazlıqlar və infrastruktur deyil, həm də sosial məsuliyyət çatışmazlığı dayanır.

Sosial məsuliyyət anlayışı, fərdin öz hərəkətlərinin cəmiyyətə təsirini nəzərə alması və bu təsirə görə məsuliyyət daşıması prinsipinə əsaslanır. Bu kontekstdə sürücünün sosial məsuliyyəti – yalnız özünün deyil, digər insanların həyat və sağlamlığını, ictimai asayişi və ümumi təhlükəsizliyi nəzərə alaraq hərəkət etməsi deməkdir. Sürücülük yalnız texniki bacarıq deyil, həm də etik və sosial davranış mədəniyyətidir.

Sosial məsuliyyət fərdlərin və ictimai qrupların cəmiyyətə qarşı olan vəzifə və öhdəliklərini dərk etməsi və bu öhdəliklərə uyğun davranmasıdır. Bu baxımdan sürücülər cəmiyyətin bir parçası kimi ictimai təhlükəsizliyə töhfə vermək və digər yol istifadəçilərinin hüquqlarını qorumaq məsuliyyətini daşıyırlar. Sürücülər yol hərəkətində yalnız nəqliyyat vasitəsinin idarəedicisi kimi deyil, həm də bir vətəndaş, bir insan, bir valideyn və ya övlad kimi iştirak edir.

Sürücülərdə sosial məsuliyyətin zəif olduğu hallarda bir sıra fəsadlar müşahidə olunur. Belə ki, yol qəzaları artır. Sərxoş vəziyyətdə avtomobil idarəetmə, sürət həddini aşma, qaydalara laqeyd yanaşma kimi davranışlar ölüm və ağır xəsarətlə nəticələnən qəzalara səbəb olur. Avtomobilin və infrastrukturun zədələnməsi, tibbi xərclər və sığorta itkiləri baş verir. Həmçinin qəza nəticəsində yaranan travmalar, ailələrə və yaxınlara təsir, ictimai narahatlıq halları da baş verir. Qanunlara etinasızlıq xüsusi vurğulanmalıdır. Çünki yol hərəkəti qaydalarının pozulmasına göz yumulması cəmiyyətdə hüquqa inamın azalmasına səbəb olur.

                              Sürücülərin sosial məsuliyyətini neçə artımaq olar?

 Sosial məsuliyyətin əsasını bilik və şüur təşkil edir. Məktəblərdə, universitetlərdə və sürücülük məktəblərində yalnız texniki bacarıqlar deyil, həm də etik və sosial davranış mövzularında dərslər keçirilməlidir. Kütləvi informasiya vasitələrində sosial reklamlar, tanınmış şəxslərin iştirakı ilə kampaniyalar insanlara məsuliyyətli davranış nümunələri təqdim edə bilər.

Yol hərəkəti qaydalarının pozulmasına qarşı cərimələr və inzibati tədbirlər sosial məsuliyyətin formalaşmasında mühüm rol oynayır. Amma bu tədbirlər yalnız cəza xarakteri daşımamalı, eyni zamanda maarifləndirici məqsədlər də daşımalıdır. Məsələn, qayda pozan sürücülər cərimə ilə yanaşı, ictimai xidmətlərdə iştirak və ya təlimlərə cəlb oluna bilərlər.

Video müşahidə kameraları, avtomatik radar sistemləri, mobil xəbərdarlıq proqramları vasitəsilə qaydalara nəzarət gücləndirilə bilər. Bu, həm sürücülərin məsuliyyət hissini artırır, həm də riskli davranışların qarşısını alır.

Sürücülər arasında hörmət, empatiya və qayğıkeşlik kimi sosial davranışların təşviq edilməsi vacibdir. Bu sahədə sosial media, qeyri-hökumət təşkilatları və ictimai fəallar aktiv rol oynaya bilər. “Sürücü mədəniyyəti” anlayışı təkcə qaydalara riayətlə yox, həm də insanlara qarşı etik münasibətlə ölçülməlidir.

 

“Məsuliyyətli sürücü sağlam və təhlükəsiz cəmiyyətin əsas sütunlarından biridir”

 Araşdırmaçı-jurnalist Orxan Əli bizimlə söhbətində bildirdi ki, yol hərəkəti sadəcə nəqliyyatın idarə olunması məsələsi deyil, eyni zamanda cəmiyyətin davranış tərzinin güzgüsüdür: “Yolda baş verən hər bir hadisə – istər sürücünün, istərsə də piyadanın davranışı – həmin cəmiyyətin etik və sosial səviyyəsi haqqında dolğun təsəvvür yaradır. Bu baxımdan yol mədəniyyətinin yüksək olması, bütövlükdə ictimai mədəniyyətin vacib göstəricisidir”.

 Sürücü-piyada münasibətlərində qarşılıqlı anlayışın sosial əhəmiyyətinə toxunan ekspertin fikrincə, yolun təhlükəsizliyi təkcə sürücünün məsuliyyəti deyil, həm də piyadanın davranışı ilə bağlıdır: “Sürücü və piyada arasında qarşılıqlı anlayış olduqda, qəzaların sayı azalır, gərginlik və aqressiya minimuma enir. Bu münasibətlərdə əsas prinsip qarşı tərəfi düşünməkdir. Mədəniyyətli bir sürücü piyadaya yol verər, piyada isə yolda öz hüquqlarını suistifadə etməz. Bu cür qarşılıqlı anlayış cəmiyyətin daha təhlükəsiz, sivil və harmonik inkişafına xidmət edir. Sürücülərin sosial məsuliyyətinin artırılması, təkcə yol hərəkəti qaydalarının pozulmaması ilə yox, ümumilikdə ictimai şüurun yüksəlməsi ilə bağlıdır. Bu istiqamətdə dövlətin, vətəndaş cəmiyyətinin, təhsil müəssisələrinin və hər bir fərdin üzərinə mühüm vəzifələr düşür. Məsuliyyətli sürücü sağlam və təhlükəsiz cəmiyyətin əsas sütunlarından biridir”.

 Onun sözlərinə görə, mədəniyyətli sürücülük, təkcə qaydalara əməl etməklə kifayətlənmir: “Bu, eyni zamanda yolda başqalarının hüquqlarına hörmət, səbirli və anlayışlı davranmaq, etik qaydalara riayət etmək deməkdir. Mədəniyyətli sürücülər digər nəqliyyat vasitələrinə və piyadalara hörmətlə yanaşır. Aqressiv davranışdan çəkinir, eləcə də səbirli və diqqətli olur. Həmçinin belə sürcülər qəzaya səbəb ola biləcək riskli hərəkətlərdən uzaq durur. Bununla yanaşı, onar yollarda pozitiv davranış nümunəsi yaradır, başqalarını da eyni mədəni davranışa təşviq edir.

 Ümumiyyətlə, yol mədəniyyəti cəmiyyətin öz-özünə münasibətini, etik dəyərlərə və qanunlara hörmətini əks etdirir. Sürücü və piyada münasibətləri qarşılıqlı anlayış və mədəniyyət üzərində qurulduqda, təkcə yol təhlükəsizliyi deyil, ümumilikdə sosial münasibətlər də daha sağlam və sabit olur. Buna görə də mədəniyyətli sürücülük, hər bir fərdin şəxsi məsuliyyəti olmaqla yanaşı, cəmiyyətin rifahı və təhlükəsizliyi üçün vacib bir amildir”.

Sürücülərin sosial məsuliyyətinin artırılması yalnız dövlətin və hüquq-mühafizə orqanlarının deyil, bütövlükdə cəmiyyətin və hər bir fərdin ortaq vəzifəsidir. Sosial məsuliyyəti anlayan sürücü təkcə qaydalara riayət edən şəxs deyil, həm də həyatın və insanlıq dəyərlərinin qoruyucusudur. Hər birimizin atdığı kiçik addımlar – sürət həddinə riayət, yol verən zaman başqasına təşəkkür, piyadaya hörmət – böyük nəticələr doğura bilər. Cəmiyyətin daha təhlükəsiz, mədəni və inkişaf etmiş olmasının yolu sosial məsuliyyətin hər sahədə, o cümlədən nəqliyyat mədəniyyətində gücləndirilməsindən keçir.

 

Fuad Hüseynzadə

Yazı Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sürücülərin sosial məsuliyyətinin artırılması” layihəsi çərçivəsində hazırlanıb.