Sosial şəbəkələrdə sürücü və yol polisi arasında mübahisəni əks etdirən videogörüntü yayılıb.
Sabahinfo.az xəbər verir ki, videoda sürücü DYP əməkdaşları tərəfindən ona zor tətbiq edildiyini bildirib.
Məlum görüntü ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlamasında bildirib ki, həmin video yeni deyil:
"Sürücü 90 DH 093 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Mehdiyev Səməndər Rizvan oğludur. Taksi fəaliyyəti ilə məşğul olub. Avtomobilinin üzərində 3 ayı tamam olmuş cərimələrinə görə həbs qərarının olduğu ona izah edilib. Bildirilib ki, qanunun tələblərinə görə avtomobil duracağa aparılmalıdır. Sürücü əvvəl razılığını bildirib, daha sora avtomobilə əyləşərək, qapıları bağlayıb həmin yerdən uzaqlaşmağa çalışıb. Bu zaman polis əməkdaşı əlini qapıya atanda ayağı ilə onun əlini sıxır və çəkiliş edib gərginliyi məqsədli şəkildə öz xeyrinə göstərməklə qanuni işini görən polisi nüfuzdan salmağa çalışır. Şəxs aidiyyəti üzrə ərazi polis bölməsinə təmin edilib.
Nizami Rayon Məhkəməsinin qərarı ilə polisin qanuni tələbinə tabe olmadığı üçün barəsində 10 sutka həbs qərarı verilib. Daha sonra isə himayəsində azyaşlı uşaq olduğunu əsas tutaraq məhkəmə qərarından apellyasiya şikayəti verib. Cəza növü cərimə ilə dəyişdirilib.
Polis qanuna tabe olmayan şəxsin özbaşnalığına hüquqi qiymət verərkən çətin anlar yaşana bilər. Lakin hər hansısa çəkiliş və ya digər bu tip vidyo materiallara görə öz işinə qarşı qətiyyətli münasibətini dəyişməməlidir. Hərə əlinə bir kamera götürüb polisin işinə müdaxilə edib nizam-intizama təsir etməyi düşünürsə, yanılır. Belə əməllərdənsə, qanunların tələbini vaxtında icra edib vəziyyəti gərginləşdirməməyi tövsiyə edirik".