“Şuşa Bəyannaməsi bölgədə təhlükəsizliyin etibarlı şəkildə təmin edilməsinə xidmət edir”

Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə parlamentində təsdiqi bölgədə təhlükəsizlik arxitekturasının etibarlı şəkildə təmin edilməsi, o cümlədən dayanıqlı sülhün, sabitliyin və əməkdşalığın formalaşdırılmasında müstəsna rola malik bir sənəddir.

Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə liderlərinin imzaladığı Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinin daha yüksək səviyyəyə qalxmasında, bölgədə əmin-amanlığın təmin olunmasına öz müsbət töhfəsini verəcək.

“İmzalanmış sənəd hər hansı üçüncü ölkəyə qarşı yönəlməyib, əksinə, region ölkələri arasında  münasibətlərin daha üst səviyyə qalxmasına və təhlükəsizliyə olan təhdidlərin qarşısının alınmasına, daha sıx əməkdşalıq formatlarının yaranmasına xidmət edir. Çünki imzalanmış sənəddə də tərəflərin Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəkləri ilə bağlı öhdəliyi əksini tapıb. Bu məqsədlə ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların, ixracın şaxələndirilməsi, eləcə də perspektiv sahələrdə birgə istehsalın qurulması, investisiya əməkdaşlığının qarşılıqlı faydalı inkişafı üçün daha əlverişli şəraitin inkişaf etdirilməsi nəzərdə tutulur. O baxımdan Azərbaycanla Türkiyə arasındakı iqtisadi əlaqələrin daha sıx inteqrasiyası nəinki Cənubi Qafqaz bölgəsinin, o cümlədən bu coğrafiyaya yaxın digər qonşu ölkələrin, türk dünyasının, Avropanın və digər ölkələrin davamlı inkişafına öz töhfəsini verəcək. Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında təhlükəsizliyin daha yüksək səviyyədə təmin olunmasına deyil, həmçinin regionun və Avropanın enerji təhlükəsizliyi baxımdan da mühüm əhəmiyyət kəsb edir. Təsdiqlənmiş sənəddə strateji əhəmiyyətə malik Cənub Qaz Dəhlizinin həyata keçirilməsində regionun enerji təchizatı təhlükəsizliyinin gücləndirilməsi öz əksini tapıb.

Şuşa Bəyannaməsi eyni zamanda Avrasiya məkanında şərqlə qərbi birləşdirən ən qısa yol hesab edilən Cənubi Qafqazdan keçən Şərq-Qərb/Orta beynəlxalq nəqliyyat dəhlizinin  reallaşmasında mühüm əhəmiyyət kəsb edən sənəddir. Bu nəqliyyat qovşağının rellaşması, yüklərin Qərbdən Şərqə və əksinə ən qısa zamanda və təhlükəsiz ünvana çatdırılmasına mühüm rol oynayacaq. Bu eyni zamanda Azərbaycan, Naxçıvan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcək. Adı çəkilən layihənin reallaşması isə hər iki qardaş ölkənin iqtisadiyyatının inkişafına və ciddi regional oyunçu kimi aparasına əlavə imkanlar yaradacaq. Əməkdaşlığın  daha yüksək səviyəyə qalxması isə başda region ölkələri olmaqla beynəlxalq birliyin sabitlik, sülh və maraqlarına xidmət edəcək”, - deputat bildirib.

Deputat onu da bildirib ki, bəyannamənin təsdiqlənməsi, iki qardaş ölkə arasında hərbi əməkdaşlığın müttəfiqlik səviyyəsinə qalxmasına, Azərbaycan ordusunun daha da güclənməsinə və  suveran hüquqlarının daha etibarlı şəkildə müdafiəsini təmin etməyə xidmət edəcək.