Şuşa Qlobal Media Forumu Azərbaycanın hazırkı inkişaf modelinin dünyaya təqdimatında mühüm töhfə verəcəkdir

Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq Qələbədən dərhal sonra bərpa-quruculuq işlərinin fəal mərhələsində olan şəhərlərimizdə, eləcə də Qarabağımızın baş tacı, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində bir sıra beynəlxalq tədbirlərə evsahibliyi edir. Keçirilən bu tədbirlər beynəlxalq təşkilatlara, nümayəndə heyətlərinə, xüsusən də media mənsublarına erməni vandallarının tarixi torpaqlarımızda törətdikləri vəhşi əməlləri öz gözləri ilə görmək, bu ərazilərdə həyata keçirilən geniş tikinti-quruculuq işləri ilə yaxından tanış olmaq imkanı yaradır.

Cari ilin iyulun 21-də Şuşada keçirilən “4-cü Sə­naye İnqilabı dövründə Yeni Media” möv­zusunda Qlobal Media Forumunun da bu baxımdan əhəmiyyəti olduqca yüksəkdir. “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə reallaşan “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilən Forumda bir sıra önəmli məsələlər, o cümlədən ölkəmizin iqtisadi uğurları bir daha dünyaya bəyan edildi. Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hazırda şəhərdə quruculuq işlərinin sürətlə aparıldığını, Şuşada tarix, mədəniyyət, memarlıq və iqlim vəhdət təşkil etdiyindən gələcəkdə bura gələn qonaqların da sayının davamlı şəkildə artacağını əminliklə bildirərək qeyd etmişdir: “Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir. Əlbəttə ki, bu şəhər qaya üzərində qurulubdur, qədim şəhərdir və bu, həqiqətən də Qafqazın incisidir və Qarabağın tacıdır”.

Şuşa forumunda Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında dinamik münasibətlərin mövcudluğunu vurğulayan Ölkə başçısı cənab İlham Əliyev son iki ildə dövlət başçılarının qarşılıqlı səfərlərinin əlaqələrin inkişafına təkan verdiyini diqqətə çatdıraraq ikitərəfli əsaslarda, xüsusən də sərmayələr və ticarət sahələrində çox fəal iş aparıldığını qeyd etmişdir: “Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir. İkitərəfli əsaslarda çox fəal işləyirik, xüsusilə sərmayələr və ticarət sahələrində. Özbəkistanla birgə İnvestisiya Fondu yaradılıb və həmçinin Qırğızıstanla da belə bir təşəbbüs artıq başlayıb. Özbəkistanla fond yarım milyard ABŞ dollarına bərabərdir, Qırğızıstanla isə iyirmi beş milyon. Çünki hələ icra üçün layihələr yoxdur. Sözsüz ki, bu fondlar genişləndirilə bilər”.

Forum zamanı Dövlət başçısının toxunduğu vacib məsələlərdən biri də Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası idi. İnteqrasiya təklifinin burada yaşayan ermənilər üçün şans olduğunu diqqətə çatdıran Ölkə Prezidenti Ermənistana bu şansın müharibədən əvvəl də verildiyini vurğulayaraq demişdir: Biz İkinci Qarabağ müharibəsinin başlanmasına qədər iki il müddətində erməni rəhbərliyinə də şans vermişik, amma onlar bundan istifadə etmədilər. Biz Laçın-Xankəndi yolunun, sadəcə, “özbaşına keçid” olduğu, Ermənistanın 2021-ci ildə istehsal etdiyi minaların bu yol vasitəsilə göndərdiyi vaxtda da şans verirdik. Biz bu minaları aşkar etdik, tapdıq. Biz Rusiya sülhməramlı kontingentinin, həmçinin Ağdamda yerləşən Rusiya-Türkiyə monitorinq mərkəzinin nümayəndələrini dəvət etdik, göstərdik və sual verdik: “Bu minalar Qarabağa necə gətirilib? Onları kim gətirib? Kim diqqətdən qaçırıb?”. Halbuki, bu, mümkün deyil. Ermənistan terroru davam etdirdiyindən, biz qələbədən sonra öz ərazimizdə nə üçün həlak olmalıyıq?!”.

Tədbirdə Dövlət başçısı cənab İlham Əliyev Azərbaycanın iqtisadi imkanlarından, sülh və yeni əməkdaşlıqlara çağırışları ilə yanaşı, hazırkı dövrün əsas hədəfləri olan “Böyük Qayıdış” proqramının uğurlu icrasından və hərbi gücümüzün artırılmasının prioritetliyindən geniş bəhs etdi. Bu məqam da xüsusi vurğulandı ki, Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqlar dünya gücləri tərəfindən qəbul olunur. Beləliklə, qətiyyətlə demək olar ki, Şuşa Qlobal Media Forumu Azərbaycanın hazırkı inkişaf modelinin dünyaya təqdimatında mühüm töhfə verəcəkdir.

Könül Pirverdiyeva - ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru