Şuşada doğan günəş

Şuşa həm tarixi-mədəni sivilizasiya, həm yerləşdiyi coğrafi mövqe baxımından hər zaman diqqət mərkəzində olub. Hələ Pənahəli xanın dövründə düşmənlər bu Şəhərimizi almaq, orada özləri üçün səltənət qurmaq istəyiblər. Ancaq Şuşanın əlverişli coğrafi mövqedə yerləşməsi düşmənlərin bu istəklərini ürəklərində qoyub. Tariximizin 30 illik məğlubiyyət dövründə həyata keçirdiyimiz siyasətin ən ümdə məsələsi nəinki Şuşa, Şuşa ilə yanaşı digər işğaldan azad olunan ərazilərimizi düşmən əsarətindən qurtarmaq, erməni vandalizminə son qoymaq və ən nəhayət soydaşlarımızın doğma yurd yuvasına qayıdışını təmin etmək idi. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bu yöndə addım-addım məqsədimizə çatdıq. Son sözü isə başda Ali Baş Komandan olmaqla Müzəffər Azərbaycan Ordusu dedi. Artıq Şuşa azaddır. Biz də azad Şuşamızla görüşə getdik.

Səfərin təşkili

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə baş tutan səfərin məqsədi bu səfərin vəzifələri vətəndaş cəmiyyəti nümayəndələrinin Şuşada gedib şəkil çəkdirməsi, sosial şəbəkədə şəkilləri paylaşması ilə yekunlaşmır. Nədənsə bir çoxları belə düşünür ki, bəli ora gedənlərin işi-peşəsi şəkil çəkib paylaşmaqdır. Əzizlərim ümumilikdə görülən işlərdə, həyata keçirilən təbliğatlarda foto önəmli rol oynayır. Bu fotolarda isə əsas məqam erməni vandalizmidir. Yəni, ürəyin yanır o şəkildə olan şəxsə deyil, orada ermənilər tərəfindən törədilən terrora diqqət yetir. Bu vəhşiliyin dünya ictimayyətinin, xaricdə olan dostlarının diqqətinə çatdırılmasında, haqq işimizdə bizə dəstək ol! Dama-dama göl olar deyirlər və bu elə bir işdir ki, bu işdə heç kim yaxasını kənara çəkə bilməz. Ən azından belə bir kənarlaşma istədiyimiz nəticənin əldə olunmasında zaman itkisi ilə üzləşməyimizə səbəb olar.

Açığını deyim ki, səfərin təşkili və səfər boyu təşkilatçıların hər bir kəslə ayrı-ayrılıqda maraqlanması ümumi işin gözəl təşkil olunmasından xəbər verirdi. Bir başa Vüsal Quliyevin hər bir səfər iştirakçısı ilə telefon əlaqəsi saxlaması, xoş qarşılama eləcədə də xoş sonluq bir səfər iştirakçısı kimi şəxsən məndə müsbət ovqat yaratdı. Hazırkı şəraitdə belə xoş münasibət bizi növbəti qələbələrə səsləyir. Çünki müharibə səngərdə bitibsə də masa üzərində davam edir. Biz vandal qonşularımızın mənfur əməlləri ilə bağlı sistemli iş aparmalıyıq. ..

Şuşa Günəşi

Həyatda bir-iki nüans var ki, onların seçimi insan oğlundan asılı deyil. Bunlardan biri qonşudur. Qonşusuz yaşamamaq olmur, qonşu ilə də yaşa dolmaq olur. Bizim də bəxtimizə belə çıxıb.... Qonşumuz xain, mənfur və oğrudur. Belə qonşu ilə də öz başa düşdyü dillə danışmaq lazımdır. Hə deyəcəksiniz ki, danışdıq və məsələ həll olundu. Xeyir! Bizim qonşunun bağları bax o yalanlar, saxta məlumatlarla Avropaya, dünyanın böyük dövlətlərinə qədər gedib çıxır. Ona görə də üstünə qışqıran kimi o bağlar narahat olmağa başlayır. Təzyiq və əllərində olan rıçaqlardan istifadə eləyir. Düşmən hər zaman düşməndir. Yəni ondan xoş münasibət, hümanist addım gözləməyə dəyməz. Əksinə düşmənin başının üstündə hər zaman dəmir yumruq olmalıdır. O yumruq ki, Prezident və xalqın vəhdətindən doğur, o yumruq ki, bizə məğrurluğumuzu yaşatdı.... Şuşaya çatar-çatmaq günəz mavi səmada bərq vururdu. Bakıdan fərqli olaraq Şuşa günəsi adamı yandırmır. Şuşa günəşi daha enerjili, daha dolğun görünürdü. Sanki Şəhər və şünəş vəhdəd olub qonaqları, yəni bizləri orada görməkdən mənun idilər... Hər bir vətəndaşımız Şuşa günəşini görəcək. Hər bir vətəndaşımız o saf havanı udacaq. Buna hər kəsin haqqı var. 

Yaralı Şuşamız tezliklə öz sağlamlığına qovuşur

Səfər zamanı eləcə də səfərdən sonra hamı Şuşanı soruşur. Hamı şəhərin vəziyyəti ilə maraqlanır. Şuşa isə məndə açıq muzey, tarix və mədəniyyətin vəhdəti olan yaralı şəhəri xatirladır. Mənfur düşmən Şuşadan öz məqsədləri üçün istifadə etdiyindən burada yenidənqurma işləri aparmayıb. Kommunikasiya sistemi, yaşayış binaları zədələnib. Bir sıra tarixi abidələrimiz isə məqsədli şəkildə dağıdılıb . Ancaq bütün bunlara baxmayaraq Şuşada ciddi iş gedir. Ən əsası mədəni və tarixi keçmişin qorunması ilə həyata keçirilən işlər xüsusi planla həyata keçirilir. Şuşamız yaralıdır. Bu yara 30 ildir ki, qaysaq tutub. Bu qaysağın sağalması üçün hər birimiz gücümüzü səfərbər etməliyik. Bir çoxları Şuşaya getməyə tələsir. Bu anlaşılandır. Ancaq əmin olun ki, hər birimiz orada işlər yekunlanadan sonra Şuşamıza səfər də edəcəyik. Buna çox az qalıb. 

Məğrurluq hissi

Bu səfərə hazırlaşanda bəli xüsusi planla Şuşaya səfər etdim. Məqsədim orada gördüklərimi oxuculara çatdırmaq, Şuşaya səfər arzusunda olanlarda ilkin təəssürat yaratmalarına köməklik etmək idi. Bunu yazı şəklində olmasa da şifahi şəkildə həyata keçirirəm. Ancaq yazımda bir məsələni xüsusi qeyd etmək istəyirəm ki, mən Şuşada məğrurluğun nə olduğunu gördüm. Həm şəhər həm Şuşanın azyaşlı sakinləri, şəhəri qoruyan əsgər və polislərimizin üzündə bir məğrurluq var idi. Bu məğrurluqdan BİZ QAYITMIŞIQ! ƏZİZ ŞUŞA SƏN AZADSAN! İfadələri oxumamaq mümkün deyildi...

Ədil Ədilzadə

Bakı-Şuşa-Bakı