Anar Məmmədov
Milli Məclisin deputatı
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşada ilk yaşayış kompleksinin açılışında iştirak edərək şəhərə köçmüş sakinlərlə görüşü sakinlərin yaddaşında unudulmaz tarixi bir gün kimi qalacaq. Çünki otuz iki ildən sonra ilk dəfə olaraq Şuşa yenidən şəhərə köçmüş öz doğma sakinlərini qarşıladı. Çox sevindirici haldır ki, yaşlı və orta nəslin nümayəndələri ilə bərabər gənc nəsil də sevinclə öz torpaqlarına qayıdırlar. Bu, xalqımızın öz torpağına bağlılığından, sevgisindən irəli gəlir. İşğal dövründə ermənilər və xaricdəki Azərbaycana düşmən olan qüvvələr güman edirdilər ki, vaxt uzandıqca gələn nəsil öz torpaqlarını unudacaq, geri dönmək istəməyəcəklər. Onlar unudurdular ki, Azərbaycan xalqı öz torpağına bağlıdır və lazım gələrsə Vətən və torpaq uğrunda canlarından, qanlarından belə keçməyə hazırdılar.
Bu gün dünyada çətin və mürəkkəb siyasi proseslərin getdiyi bir vaxtda Azərbaycan reallaşdırdığı yerli və beynəlxalq layihələrlə sürətli və dinamik inkişaf nümunəsi ortaya qoyur. Azərbaycanın bütün regionlarında sürətli inkişaf göz qabağındadır. Müharibə başa çatdıqdan dərhal sonra bütün şəhər və kəndlərimizin bərpası və yenidən qurulmasına başlanıldı. Şuşa şəhəri də təsdiqlənmiş Baş plana uyğun yenidən qurulur və görülən işlər göz oxşayır. Bu gün Şuşada və digər şəhərlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarına uyğun aparılır. Xüsusi vurğulanmalı məqam isə ondan ibarətdir ki, işğaldan azad olunan ərazilərimizdə insanların rahat yaşaması üçün bütün məqamlar nəzərə alınmışdır. Bütün layihələri icra edərkən, o cümlədən məşğulluq məsələlərinə də böyük diqqət yetirilir. Aidiyyəti dövlət qurumları bu məsələ ilə də bağlı ciddi addımlar atır ki, burada yerləşən insanların məşğulluq imkanları da olsun.
İşğaldan azad olunduqdan sonra Şuşada çox mühüm layihələr uğurla icra olunub. Bu müddət ərzində bu qədər işləri görmək Prezident İlham Əliyevin qətiyyətinin, dövlətimizin qüdrətinin göstəricisidir. Xüsusilə, 44 günlük Vətən müharibəsində erməni işğalından azad olunan tarixi ərazilərimizdə həyata keçirilən Böyük Qayıdışa dair Dövlət Proqramı ilə yanaşı Azərbaycanın bütün regionlarında sosial-iqtisadi layihələrin icrasının davam etdirilməsi ölkəmizin artan iqtisadi gücünün göstəricisidir.
İki gün bundan öncə Prezident İlham Əliyev Şuşa sakinləri ilə görüşündə şəhidlərimizin xatirəsinə xüsusi ehtiramını çatdıraraq bildirdi ki, “Biz hazırlaşırdıq, ölkəmizi gücləndirirdik, iqtisadiyyatımızı gücləndirirdik, güclü ordu potensialı yaradırdıq. Ən önəmlisi gənc nəsli, - bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən, - yetişdirirdik və yetişdirdik. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar mənim əmrimlə 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Bugünkü günə görə biz onlara borcluyuq, şanlı Ordumuza borcluyuq, Silahlı Qüvvələrimizə borcluyuq, şəhidlərimizə, qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”. Bəli, həqiqətən də biz yaşadığımız bu qüruru, şərəfi onlara, onların şücaətinə, qəhrəmanlığına borcluyuq. Azərbaycan xalqı şəhidlərinin əziz xatirəsini hər zaman qəlbində yaşadır və yaşadacaq. Bu gün şəhidlərimizin ruhu şaddır. Nəzərə alsaq ki, Birinci Qarabağ müharibəsi dövründə 15 minə yaxın şəhid verdik, amma torpaqlar da getdi. Vətən müharibəsində isə gənclərimiz həqiqi vətənpərvərlik nümayiş etirdilər. Onlar Vətən, torpaq uğrunda canlarını qurban verməkdən çəkinmədilər. Vətən müharibəsi Azərbaycan xalqına bir daha göstərdi ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi olduqca önəmlidir. Bununla da dövlətimizin başçısı haqq-ədalətin danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, yumruq kimi birləşərək döyüş meydanında bərpa etdiyimizi, eyni zamanda yüzlərlə görüşün keçirilməsinə baxmayaraq təzavüzkar ölkənin və onun havadarlarının ucbatında məsələnin dinc formada həllini tapmamasını bir daha diqqətə çatdırdı.
Şuşalılarla görüşdə Prezident İlham Əliyev Ermənistana və onun havadarlarına da ciddi mesajlar verdi: “Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin”. Azərbaycan Prezidenti ölkəmizin yeni mərhələdə regionda sülhün və təhlükəsizliyin təmin olunması ilə əlaqədar prinsipial mövqedə olduğunu ifadə etdi. Ölkəmizin bu mövqeyi dəyişməzdir. Prezidentin xəbərdarlığının mahiyyəti bundan ibarətdir ki, Paris və Vaşinqton hazırki danışıqlar prosesinə mane olmamalı, əldə edilən razılaşmalara dəstək verməlidirlər. Fransa Azərbaycanla münasibətləri o qədər gərgin hala gətirib ki, Bakı ilə İrəvan arasında danışıqlar prosesini və əldə edilən müsbət nəticələri vurğulamağa üzü gəlmir. Dünyanın heç bir dövləti Azərbaycana öz daxilində keçirdiyi hərbi əməliyyata, antiterror əməliyyatına görə irad tuta bilməz. Biz BMT-nin ərazi bütövlüyünü tanıdığı bir dövlətik, heç bir beynəlxalq qanunları və normaları pozmuruq. Belə olan halda erməni cəmiyyətinin iki seçimi var. Birinci seçim yürüş və mitinqi təşkil edən keşişin ardınca getmək və bununla yeni müharibəyə hazırlaşmaq, ikinci seçim əvvəlkitək baş nazir Nikol Paşinyanı və onun hökumətini dəstəkləməklə hazırki danışıqlar prosesinə tərəfdar olmaqdır. Əks təqdirdə bundan sonra təklif verilməyəcək. Ermənilər açıq şəkildə seçim etməlidirlər.