Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin təşkilatçılığı ilə Qax Peşə Liseyində “Vətəndaş məsuliyyətinin artırılmasında Azərbaycançılıq ideologiyasının rolu” adlı layihə çərçivəsində “Azərbaycançılıq və hərbi vətənpərvərlik hissinin yüksəldilməsi” adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Ulu Öndər və şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb.
Tədbiri giriş sözü ilə açan TAİB-in sədr müavini, layihə rəhbəri Şərafət Şəfa çıxışında təşkilatın gənclərlə birgə həyata keçirdiyi layihələrdən söz açıb. O, bildirib ki, Azərbaycan dövlətinin prioritet məsələlərindən ən əsası məhz azərbaycançılıq ideologiyasıdır. Bu ideologiyanın əsasını vətənpərvərlik, milli qəhrəmanlarımız, şanlı tariximiz və əlamətdar günlərimizin təbliği, gənc nəslin milli ruhda tərbiyə məsələsi təşkil edir: “Azərbaycan dövlətinin birliyi, ərazi bütövlüyü uğrunda görülən işlər, vətənpərvərlik hissinin yüksəldilməsi, şagirdlərimizin Vətənimizin fəal mübarizəsinə hazırlığı, informasiya müharibəsindəki iştirakı yönündə maarifləndirmə işlərimiz davam edir. Layihə başa çatdıqdan sonra da biz təbliğat işimizi davam etdirəcəyik. Bu gün lisey gənclərini peşəkar hərbçilərlə bir araya gətirməkdə məqsədimiz gənclərə yad ideologiyaların, xaotik hərbi vətənpərvərliyin mənfi tərəflərinin izahı və nəticələri barədə müzakirələr aparmaqdır”.
Liseyin direktoru Səbuhi Bilalov çıxışında təhsil sahəsindəki nailiyyətlərdən danışıb. Bildirib ki, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir.
Direktor onu da vurğulayıb ki, liseydə tez-tez vətənpərvər mövzuda tədbirlər, tələbələrə azərbaycançılıq ideologiyası barədə diskussiyalar açılır, hərbi vətənpərvərliyin təbliği üçün şəhid ailələri, qazi və veteranlarla görüşlər təşkil olunur.
TAİB-in sədr müavini, Turan Elmlər Akademiyasının professoru Eyvaz Hünbətov təşkilat rəhbərliyi adından tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, bütün təhsil ocaqlarında belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Ümummilli lider Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanın qorumaq üçün can fəda edən hərbçilərə istinadən gənclərə tövsiyyələr verən ağsaqqal Azərbaycanın başına gətirilən müsibətlərdən söz açıb. E. Hünbətov gənclərə böyük inam bəslədiklərini, vətən uğrunda ön cəbhədə, arxa cəbhədə, informasiya cəbhəsində vuruşan bu günkü gəncliklə qürur duyduqlarını vurğulayıb.
"Azərbaycan Bayrağı" ordenli, "Babək-44" taborunun komandiri olmuş, ehtiyatda olan polkovnik Abakar Mirzəyev çıxışında bildirdi ki, I Qarabağ Müharibəsində ordumuz çox çətinliklərlə üzləşib. Vaxtilə taborun üzləşdiyi çatışmazlıqlar, problemlər ölkə rəhbərliyinin, Ali Baş Komandanımız İlham Əliyevin göstərdiyi diqqət və qayğısı sayəsində aradan qaldırılıb, indi ordumuzun maddi-texniki bazası qat-qat möhkəmlənib. Bu isə qələbəyə olan inamı xeyli artırıb. Və nəhayətində nizami ordunun şücaətli əsgərləri bizə Zəfər təntənəsini yaşatdılar. Gənclərə yad ideologiyaların və mənfi tərəflərindən, narkomaniyanın, yad dini-ideoloji təsirin, anti-azərbaycançı qüvvələrin zəif xarakterli gəncləri tora salmasından, gənclərin daha ayıq-sayıq olaraq onlara qarşı mübarizə aparmaq üçün səfərbər olmalarından danışan komandir qeyd edib ki, gənclər daha diqqətli olmalıdırlar, çünki Azərbaycanın gələcəyi onlardır.
Daha sonra çıxış edənlər, liseyin hərbi-hazırlıq müəllimi, peşəkar hərbçi, kapitan Asif Musayev, TAİB İdarə Heyətinin üzvü Zakir Əliyev, Qax İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nicat Nuriyev, qazilər Emin Cabbarov, Vüsal Nurməmmədov, Bayram Bayraməliyev, Süleyman İsmayılov, qazi anası Lətifə Bayraməliyeva, liseyin müəlliməsi Şəhla xanım da öz çıxışlarında qəhrəmanlıq dastanlarının necə yaranmasından, vətənə layiq övlad olmaq üçün nə etmək lazım olduğunu, dövlətin gənclərə olan diqqət və qayğısından danışıblar.
Sonda layihənin rəhbəri Şərafət Şəfa təşkilata belə bir tədbirin keçirilməsində yaratdıqları şəraitə görə Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Qax rayon İcra Hakimiyyətinə və Qax Peşə Liseyinin direktoruna təşkilat adından təşəkkürünü bildirib.