Talış kəndinə Böyük Qayıdış davam etməkdədir

Prezident İlham Əliyev: “...artıq Talış kəndinə 20 ailə qayıdıbdır və 180-ə yaxın ailə qayıdacaqdır”

İşğaldan azad olunmuş ərazilərdə də Novruz tonqallarının yandırılması hər birimizi qürurlandırır. Xüsusən Prezident İlham Əliyevin Norvruz bayramını bu ərazilərdə qeyd etməsi xalqımız üçün böyük ruh yüksəkliyi verir. Bu il də cənab Prezident öz ənənəsinə sadiq qalaraq işğaldan azad edilmiş daha bir yerdə, Talış kəndində Novruz tonqalı alovlandırıb. Qeyd edək ki, martın 18-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonuna səfər ediblər. Öncə dövlətimizin başçısı və birinci xanım Tərtər rayonunun Talış kəndində Xatirə daşına baxış keçiriblər. Prezident İlham Əliyev Talış kəndindən Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciət edib: “Üçüncü dəfədir ki, Azərbaycan xalqı Novruz bayramını artıq doğma Qarabağda qeyd edir. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini bu gün biz hörmətlə yad edirik. Onların canı-qanı bahasına biz doğma torpaqlarımıza qayıtmışıq”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 3-də bu strateji ərazini düşməndən azad edib. Talış kəndində yüksək nöqtələrdən birində bu ərazinin işğaldan azad olunduğu gün Müzəffər Ali Baş Komandan tərəfindən paylaşılan tvitin mətninin həkk olunduğu Xatirə daşı yerləşdirilib. Prezident İlham Əliyev müraciətində bildirib: “İkinci Qarabağ müharibəsi başlayandan bir həftə sonra qan tökərək biz artıq Talış kəndini azad etdik, eyni zamanda, Suqovuşan qəsəbəsini azad etdik. Bu istiqamətdə əldə edilmiş uğurlar müharibənin gələcək gedişatı üçün çox böyük önəm daşıyırdı, eyni zamanda, ordumuzun və xalqımızın mənəvi ruhunu da yüksəldirdi. Çünki Talış kəndinin strateji əhəmiyyəti hər kəsə bəlli idi”.

Talış kəndi uğurunda şiddətli döyüşlər gedib, şəhidlər vermişik. Talış kəndinin işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsində ordumuzun uğurlu əməliyyatlarından biri hesab olunur. Çünki Ermənistan tərəfi burada çox güclü istehkamlar qurmuşdu. Müzəffər ordumuz bura düşmənin gözləmədiyi yerlərdən əks-hücum edib və bir neçə müdafiə xəttini yararaq Talış və Suqovuşan kəndlərini işğaldan azad edib. Bu ərazilərin işğaldan azad edilməsi ordumuza çox böyük strateji üstünlük verib. Hazırda Azərbaycanın ərazi bütövlüyü bu bölgədə tam təmin edilib.

Xatırladaq ki, dövlətimizin başçısı 2021-ci il oktyabrın 4-də Talış kəndindəki Bayraq meydanında Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. İşğaldan azad edildikdən sonra Azərbaycan Prezidentinin tapşırıqları əsasında Talış kəndində tikinti-bərpa işləri aparılıb, yeni evlər inşa olunub, zəruri infrastruktur yaradılıb. Kənddə aparılan təmir-bərpa işlərinin birinci mərhələsi çərçivəsində Bayraq meydanında abadlıq işləri görülüb. Talış kəndinin yüksək nöqtələrindən birində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət guşəsi və seyr meydanı tikilib.

Görülən işlər çərçivəsində 10 qeyri-yaşayış və ictimai iaşə obyekti də bərpa olunub və tamamilə yenidən qurulub. Bu obyektlərin ərazisində abadlıq işləri görülüb. Bunlardan biri də inzibati binadır. Bu haqda da dövlətimizin başçısı danışaraq deyib ki, Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib, artıq Talış kəndinə 20 ailə qayıdıbdır və 180-ə yaxın ailə qayıdacaqdır: “Bu gündən bir il keçmədən Talış kəndində 180-ə yaxın ailə yaşayacaq. Bu ailələr üçün bütün imkanlar yaradılıb. İndi hər kəs görə bilər nə gözəl evlər, məktəb, uşaq bağçası, ictimai binalar tikilib, məşğulluq üçün şərait yaradılıb”.

İşğaldan azad edilmiş digər ərazilər kimi Talış kəndində çox böyük infrastruktur işləri görülməkdədir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Talış kəndindəki uşaq bağçası, məktəb və digər ictimai obyektlərdə yaradılan şəraitlə tanış olublar, eləcə də təməlqoyma mərasimilərində iştirak ediblər. Göründüyü kimi, Talış kəndi bərpa olunur və bura Böyük Qayıdış davam etməkdədir.

 

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi