Azərbaycan Ordusu Vətən müharibəsində işğalçı Ermənistanın ordusunu məğlub etdi. Məğlub Ermənistan üçtərəfli Bəyanatın tələblərinə tam əməl etmədi, dağılmış məğlub ordusu Xankəndinə sığınmış separatçılarla birləşib hərbi əməliyyatları pərakəndə də olsa davam etdirirdi və bu pərakəndə əməliyyatlar da Yerevandan idarə edilirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əmri ilə Ordu hissələrimiz sentyabrın 19-da antiterror əməliyyatına başladı. Düşmən müqavimət göstərə bilmədi və ağ bayraq qaldıraraq təslim oldu. Ağdərə, Əsgəran, Xocalı işğaldan azad edildi. Oktyabrın 15-də Xankəndidə də Dövlət Bayrağımız dalğalandırıldı. Azərbaycanın ərazisi tam bərpa edildi...
Azərabycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xankəndidən xalqa müraciəti tarixi Zəfərin necə tamamlandığını tarixləşdirdi. Xankəndidə keçirilən hərbi parad da azərbaycançılığın təntənəsi kimi yaşanıldı...
Ötən əsrin 90-cı illərində Xankəndi erməni ideoloqlarının idarəedici şəhərinə çevrilmişdi. Vətən müharibəsində ermənilik azərbaycançılığa məğlub oldu...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Xankəndidə böyük idman tədbirinin keçirilməsi həm tarixi Zəfərə görə Azərbaycan Ordusuna, həm də Azərbaycan dövlətçiliyinə ehtiramın ifadəsidir. Xankəndi stadionu 32 ildən sonra azərbaycanlı azarkeşlərin çılğınlığının, həyəcanının ovqatına bürünəcəkdi. Büründü də. Azərbaycanlı azarkeşlər futbol üzrə Azərbaycan Kubokunun səkkizdə bir final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyunu izlədilər. Bu tədbir idman dünyasının ictimaiyyətə gözaydınlığı kimi yaşanıldı. Bu tədbirdə iştirakçılar sırasında şəhidlərin ailə üzvləri də vardı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xankəndi stadionunda çıxışında dedi: “”Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq”.
Dekabrın 21-i də mahiyyəti baxımından tarixi gündür, tarixi öz axarına qaytaranların qüdrəti ilə tarixləşən gündür...
Ölkə başçısı Xankəndi stadionunda çıxışında sonra dedi ki, “Biz bu torpaqların sahibləri qurub-yaradırıq, o cümlədən Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır. Bu stadion cəmi iki ay ərzində, demək olar ki, yenidən inşa edilmişdir, əsaslı təmir olunmuşdur. Separatizmin simvolikasını əks etdirən bütün yazılar artıq tarixin zibilxanasına atılıb...”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu çıxışı da qürurla dinlənildi. Ölkə başçımızın dediyi kəlamlar əlbəttə ki, tarixi kəlamlardır, əlbəttə ki, yaşarı kəlamlardır: “Bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq! Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır!”
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı