Dövətimizin yürütdüyü tam müstəqil siyasət nəticəsində ölkəmiz güclü, dünya miqyasında etibarlı tərəfdaş olan dövlətə çevrilib Bu gün Azərbaycan tarixinin yeni səhifələri milli maraqlara söykənən balanslaşdırılmış praqmatik siyasət sayəsində yazılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nailiyyətlər qazanan ölkə kimi sürətli inkişaf, tərəqqi nümunəsi göstərir. İlk dəfə 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalqın böyük əksəriyyəti öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verərək İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi.Prezident seçildiyi ilk gündən Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirəcəyinə, hər bir vətəndaşın Prezidenti olacağına, düşmən işğalı altımda qalan torpaqlarımızı azad edəcəyinə söz verən cənab İlham Əliyev vədinə əməl etdi. Xalqımız müasir dünya liderləri arasında yüksək intellekti, diplomatik məharəti, xüsusi natiqlik bacarığı ilə seçilən, adı tariximizə islahatçı lider kimi yazılan Prezident İlham Əliyevin siyasi kursunu, qələbə strategiyasını birmənalı olaraq dəstəklədilər. Ölkənin daxili və xarici siyasətində əldə olunan uğurların nəticəsi olaraq 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərində xalqımız növbəti dəfə düzgün seçim edərək, gələcək taleyini Ulu öndər Heydər Əliyevin siyasi varisi İlham Əliyevə etibar etdi. Yeni Azərbaycan Partiyasının namizədi, partiyanın Sədri cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu seçim Ümummilli liderin siyasi kursunun uğuru ilə yanaşı, onun varisinə inam və etimaddan güc alırdı.
Cənab İlham Əliyevin prezidentliyi dövründə müstəqil dövlət quruculuğunun bütün istiqamətləri üzrə ciddi nailiyyətlər əldə edildi, böyük uğurlara imza atıldı, ölkədə sabitlik tam bərqərar oldu, düşmən tapdağı altında qalan torpaqlarımız əsl sahiblərinə qaytarıldı.
“Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” deyən Prezident İlham Əliyev bu illər ərzində davamlı olaraq iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı kimi çıxış etdi və 2003-2018-ci illər tariximizə iqtisadi yüksəliş dövrü kimi daxil oldu. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə, ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artdı, maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşdı. Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun xüsusi çəkisinin artırılması ilə bağlı müyyənləşdirdiyi siyasət öz nəticələrini verdi. Nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Nəhəng infrastruktur layihələri həyata keçirildi. 2014‒2015-ci illərdə qlobal əmtəə bazarında neftin qiymətinin 3 dəfəyə qədər azalması, 2020-ci ilin əvvəllərindən başlamış və davam etməkdə olan pandemiya böhranı ölkədə makroiqtisadi sabitlik üçün ciddi təhdidlər yaratmasına baxmayaraq, çevik və effektiv iqtisadi idarəetmə hesabına ölkədə makroiqtisadi sabitlik, həmçinin əhalinin rifahı və sağlamlığı qorundu. 2021-ci ilin sonuna valyuta ehtiyatlarımız təxminən ÜDM-in həcminə bərabər oldu ki, bu da milli iqtisadiyyatın xarici və daxili təsirlərə qarşı tam dayanıqlığını əks etdirir. Ölkənin mövcud torpaq, su və iqlim resursları əsasında ilkin kənd təsərrüfatı məhsullarının yerli istehsalı hesabına özünütəminetmə göstəricisi ümumilikdə məqbul səviyyəyə çatıb. Ölkədə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl genişmiqyaslı dövlət proqramları həyata keçirilir. Yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb binasının tikilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verir. Bunu təkcə Azərbaycan xalqı yox, beynəlxalq reytinq təşkilatları da açıqladıqları hesabatlarda qeyd edirlər.
Azərbaycanın siyasi, iqtisadi imkanlarını genişləndirdi, ölkəmizin beynəlxalq arenadakı mövqelərini möhkəmləndirdi. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
Cənab İlham Əliyevin prezidentliyinin ilk ilindən etibarən ölkəmizdə dayanıqlı inkişaf üçün əsaslı addımlar atılmışdır. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionda ən güclü və suveren, yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrildi. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandı.
Qazanılan uğurların, əldə edilən nailiyyətlərin əsas hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. Prezidentliyi dövründə İlham Əliyev milli ideya ətrafında xalqı birləşdirdi. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar oldu. Azərbaycan Ordusu sürətlə inkişaf etdirilib və təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz dünyanın ən güclü orduları sırasına daxil olub. 2016-cı ilin aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Aprel döyüşləri böyük Zəfərin başlanğıcı idi. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 19 illik gərgin əməyi və Ordumuzun rəşadəti nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı.
Dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması dövlət başçısının böyük uzaqgörənliklə həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Prezident İlham Əliyevin 2003-cü ildə səsləndirdiyi “Biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik” sözləri böyük Qələbənin nəticəsində yaradılmış yeni reallığın, Qarabağın bərpasının, Böyük Qayıdışın əsas devizinə çevrilib. Müdrik qərarlar sayəsində əldə edilən uğurlar, nailiyyətlər Azərbaycanın təkcə bu gününə deyil, gələcəyinə də xidmət edir.
Pərvin Kərimzadə
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı