TƏBİB yeni səlahiyyətlərinin icrası ilə bağlı məsələyə aydınlıq gətirdi

Səhiyyə Nazirliyi tərəfindən yaradılmış Reyestrin operatoru funksiyalarının həyata keçirilməsi və Portal vasitəsilə real vaxt rejimində aidiyyəti dövlət orqanlarının (qurumlarının) həmin reyestrə çıxışını Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) təmin edəcək.

Bunu Oxu.Az-a açıqlamasında TƏBİB-in mətbuat katibi Zamirə Adilova deyib.

O bildirib ki, bu məsələ vətəndaşların əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sahəsində şəffaflığın artırılması və müasir informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, habelə əhaliyə göstərilən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Azərbaycan Prezidenti tərəfindən imzalanmış 14 sentyabr 2015-ci il tarixli, 595 nömrəli Fərmana 10 iyun 2022-ci il tarixli dəyişikliklə həyata keçiriləcək.

“Fərmana əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Altsistemi təşkil olunub, nazirliyin üzərinə əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün vətəndaşlara elektron formada (“Elektron hökumət” portalı üzərindən müraciət etmək imkanının yaradılması, o cümlədən keçirilmiş müayinələr, qəbul edilmiş qərarlar barədə məlumatların real vaxt rejimində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Altsisteminə ötürülməsinin təmin edilməsi ilə bağlı vəzifələr qoyulub.

Həmçinin Fərmanın 3.1-ci bəndilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim komissiyalarının rəsmiləşdirdikləri tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinin yaradılması və Əmək Nazirliyinin portal vasitəsilə Reyestrə real vaxt rejimində çıxışının təmin edilməsi tapşırılıb.

Sözügedən Fərmana 10 iyun 2022-ci il tarixdə edilmiş dəyişikliklərdən sonra TƏBİB Fərmanın 3.1-ci bəndinə əsasən, Səhiyyə Nazirliyi tərəfindən yaradılmış Reyestrin operatoru funksiyalarının həyata keçirilməsi və Portal vasitəsilə real vaxt rejimində aidiyyəti dövlət orqanlarının (qurumlarının) həmin reyestrə çıxışını təmin edəcək.

Sözügedən Fərmanla TƏBİB-ə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər barədə məlumatların real vaxt rejimində Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”nə ötürülməsi tapşırılıb”, - Z.Adilova deyib.