Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışı zamanı Prezident cənab İlham Əliyev bir sıra mühüm məsələlərə diqqət çəkdi. Azərbaycanın beynəlxalq ictimaiyyətin fəal üzvü kimi çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirakını vurğulayan ölkə başçısı xatırlatdı ki, ölkəmiz dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisata – Qoşulmama Hərəkatına sədrlik edir. Həmçinin Azərbaycanın Avropa institutları ilə əməkdaşlığı da uğurla inkişaf edir. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb. Bundan əlavə, ölkəmiz iki mühüm beynəlxalq təsisatın – İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvüdür. Azərbaycan eyni vaxtda hər iki təşkilata üzv olan azsaylı ölkələrdəndir və bu iki təşkilatın yüzdən artıq üzvü var. göstəricisidir. Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi və iki qitəni birləşdirən mədəni, nəqliyyat və hazırda iqtisadi körpü rolunu oynaması ölkəmizə regionumuzda geniş beynəlxalq əməkdaşlıq qurmaq imkanı yaradır.
74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində Prezident cənab İlham Əliyev hazırda Azərbaycanın enerji və nəqliyyat marşrutlarının, o cümlədən boru kəmərlərinin xəritəsində müstəsna əhəmiyyətə malik olduğunu xatırladaraq ölkəmizin uğurla həyata keçirdiyi layihələrin təkcə regionun deyil, bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verdiyini vurğuladı. Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsidir. Ölkə başçısı bildirdi ki, müstəqil ölkə olaraq, təbii sərvətlərimiz xalqımızın mənafeyinə xidmət edir. Müstəqillik illərinin sürətli transformasiyası təbii sərvətlərimizin düzgün istifadəsinin təzahürüdür. Neftlə zəngin olmaq ölkəmiz üçün inkişaf etmək, müstəqilliyimizi gücləndirmək, milli kimliyimizi qorumaq və güclü iqtisadiyyat qurmaq üçün vasitədir. Bu gün isə Azərbaycan beynəlxalq bazarlarda enerji ehtiyatlarının etibarlı təchizatçısıdır.
Prezident cənab İlham Əliyev Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində Ermənistanın işğalçı siyasəti nəticəsində ölkəmizin təcavüzdən, işğaldan və etnik təmizləmədən əziyyət çəkdiyini və bunun millətimiz üçün böyük faciə, böyük humanitar fəlakət olduğunu xatırlatdı. 1990-cı illərin əvvəlində torpaqlarımız işğal olunanda, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü və o vaxt əhalimizin sayı 8 milyon idi. Bu rəqəm hər hansı ölkə ilə müqayisədə, bəlkə də adambaşına olan ən yüksək qaçqın sayı idi. Həmin vaxt, ölkəmiz çox yoxsul idi. İşğala son qoymaq öhdəliyini üzərinə götürmüş beynəlxalq təşkilatlar hər hansı nəticəyə nail olmadı. BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Lakin həmin qətnamələr 27 il icra olunmadı. Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həllini tapmağa və işğala dinc yolla son qoymağa çalışırdı. Lakin 28 il ərzində aparılan danışıqlar nəticə vermədi. Azərbaycan BMT Nizamnaməsinin hər bir ölkəyə verdiyi hüquqdan, özünümüdafiə hüququndan istifadə edərək 30 il ərzində pozulmuş ərazi bütövlüyünü üç il əvvəl bərpa etdi. Artıq ölkəmiz həm ərazi bütövlüyünü, həm də öz suverenliyini tam bərpa edib.
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri