Milli Məclisin deputatı Əminə Ağazadə son günlərdə hər bir azərbaycanlını narahat edən, dövlətimizə qarşı yönəlmiş ən qəddar terror aktlarından biri – İranın paytaxtı Tehran şəhərində Azərbaycan səfirliyində baş vermiş terror hadisəsi haqqında fikirlərimi səsləndirib.
Deputat qeyd edib ki, terror, ilk növbədə ictimai təhlükəsizliyi pozmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə həyata keçirilən qanlı cinayətdir. Səfirliklər müvafiq dövlətlərin ərazisi sayılır. Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı terror hücumu bütün hallarda qəbuledilməzdir : "Terrorçuluq içtimai təhlükəsizlik əleyhinə olan ən təhlükəli cinayətlərdən biri kimi qiymətləndirilir. Bu cinayət əməlinin cinayət hüquqi baxımdan təhlili onun təkcə milli deyil, həm də beynəlxalq xarakter daşıdığını qətiyyətlə söyləməyə əsas verir. Diplomatik nümayəndəliklərin və onun personalının toxunulmazlığını və müdafiəsini təmin etmək ən mühüm və aktual məsələ kimi BMT Baş Assambleyasının bir çox sessiyalarında müzakirə olunmuş və müvafiq sənədlər qəbul edilmişdir.
Beynəlxalq hüquqa və konvensiyalara əsasən diplomatik korpuslar toxunulmazdır və hər bir dövlət ərazisində fəaliyyət göstərən diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etməlidir. Xarici diplomatik nümayəndəliklərin və onların personalının mühafizəsi 1961-ci il Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının 22 və 29-cu maddələri əsasında yerləşmə dövləti üzərinə qoyulan birbaşa öhdəlikdir".
Ə.Agazadə onu da bildirib ki, hadisələr göstərir ki, son zamanlar İranda ölkəmiz əleyhinə anti-Azərbaycan kampaniyasının aparılması diplomatik missiyamıza qarşı bu kimi hücumlara şərait yaradan əsas səbəblərdəndir. Hadisə birmənalı şəkildə göstərir ki, Tehran Azərbaycan-İran münasibətlərinin sabit olmasına maraqlı deyil: "Məlum olduğu kimi, terrorizmi digər cinayətlərdən fərqləndirən əsas cəhət onun siyasi motivlər güdməsi, yaxud da bilavasitə dövlətlərə təsir göstərməsidir. Son hadisələr onu düşünməyə əsas verir ki, suveren Azərbaycan Respublikasının hərbi-iqtisadi cəhətdən güclənməsi, Avropa, xüsusilə də Türk birliyi dövlətləri ilə inkişafda olan bərabər hüquqlu əməkdaşlığı, , bir çox dünya dövlətləri kimi, İran dövləti də həzm edə bilmir.
İranın qərəzli, əslində tam düşmən mövqeyinə baxmayaraq Azərbaycan dövləti öz qonşusu ilə normal münasibətlərin saxlanılmasına səy göstərmiş, səbr, dözümlülük nümayiş etdirərək, hadisələrə beynəlxalq hüquq çərçivəsindən yanaşmağa çalışmışdır. Lakin görünən odur ki, qarşı tərəf atdığımız bu addımlara qarşılıq olaraq aqressiv münasibəti, düşmən mövqeyini nümayiş etdirməkdə israrlıdır.
Beynəlxalq hüquqi baxımdan Tehrandakı səfirliyimizdə törədilmiş terror aktı İran tərəfindən bir sıra beynəlxalq hüquq normalarının kobud pozuntusu və bu dövlətin beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirməməsinin nəticəsidir. Bu isə birbaşa İran dövlətinin beynəlxalq hüquqi məsuliyyətini doğurur".