Terrorçular özləri Azərbaycan ordusunu bu addımı atmağa vadar etdi

“Azərbaycan dəfələrlə Xankəndidəki terrorçuları sülhə və dialoqa çağırsa da, onlar bu çağırışlara müsbət reaksiya vermədi. Terrorçular özləri Azərbaycan ordusunu onları başa düşəcək dildə başa salmaq üçün addım atmağa məcbur etdilər”.  

Bunu “Ölkə.Az”a açıqlamasında deputat Mahir Abbaszadə deyib.

Onun sözlərinə görə, Azərbaycan hər zaman sülh danışıqlarında maraqlı olub və güc taktikasını ən sonda əl atıb.

“Azərbaycan sülh əlini uzatmasına baxmayaraq, erməni tərəfi bu  sülh əlini geri döndərib. Təbii ki, Azərbaycanın da səbri tükənməz deyil və onun bir həddi var. Təbii ki, Azərbaycan  proseslər nə qədər çətin olsa da, vəziyyətin bu həddə gəlməsini istəməzdi, lakin erməni tərəf özü vəziyyəti bu həddə çatdırdı. Nəticədə Azərbaycan ordusu məcburiyyət qarşısında qalaraq terrorçunu onu özünün başa düşəcək dildə başa salmaq zorunda qaldı”, - o qeyd edib.

Deputat əlavə edib ki, Azərbaycan ordusu İkinci Qarabağ müharibəsində olduğu kimi, bu dəfə də sivil əhaliyə zərər vermədən lokal antiterror əməliyyatı nəticəsində dəqiq zərbələrlə düşmənin ön xətt və dərinlikdə olan mövqelərini, uzunmüddətli atəş nöqtələrini, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarır: “Əminəm ki, Azərbaycan ordusu ən qısa vaxtda qarşıya qoyulan tapşırıqları ən yüksək səviyyədə icra edəcək. Terrorçular layiqli cəzasını alacaq”.