Bugünki büdcə müzakirələri Milli Dirçəliş gününə təsadüf edir, hər birinizi bayram münasibətilə təbrik edirəm. Bugün həmdə çox mühüm tarixi günlərdən biridir. 1990-cı ilin məhz bugünü Naxçıvanda ulu öndər Heydər Əliyevin rəhbərliyi və qərarı ilə üçrəngli Azərbaycan bayrağı 1918-ci ildən sonra ilk dəfə qaldırıldı və rəsmi şəkildə dövlət bayrağı kimi qəbul edildi. Bu hadisə bugün dövlətçilik tariximizdə ən mühüm mərhələlərindən biri kimi daim nəzərdə saxlanmalı, müstəqillik, demokratik və dünyəvi dövlət quruculuğunda ən vacib hadisə kimi yerini almalıdır.
İcazə verin büdcə ilə bağlı fikirlərimi də çatdırım. 2023-cü il üçün dövlət büdcəsi zərfi ilə tanış olmuşam. Hər il olduğu kimi bu ildə büdcəmizi sosial büdcə adlandıra bilərik. Sosial xərclərə ayrılan vəsaitin çoxluğu vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılmasına ünvanlanmışdır.
Hökümət nümayəndələrinin burda olmasından istifadə edərək Bugün məndə bir neçə mövzu haqqında danışmaq istəyirəm. Danışmaq istədiyim mözvülardan biri əslidə bir çox həmkarımı maraqlandıran məsələlərdəndir. Bəllidir ki, artıq qış ayları girib və vətəndaşlarımızın mənzilləri isitmə məsələsi gündəmdə aktullığa çevrilib. Milli sərvətimiz sayılan təbii qazın və elektrik enerjisinin qənaətlə istifadə edilməsi üçün tarif şurasının müəyyən etdiyi limit və qaydalar var. Bu qaydalara əməl etməklə insanlarımız büdcələrinə qənaət etməklə yanaşı ciddi bir israfın da qarşısını almış olurlar.
Mənim təmsil etdiyim Ordubad və Culfa rayonlarının əksər əraziləri dağlıqdır. Burada yaşayan vətəndaşlarımız üçün qış ayları aran bölgələrinə nisbətdə daha uzun olur. Adlarını çəkə biləcəyim Ordubad rayonun Bist, Biləv, Xurs, Nəsirvaz, Tivi, Gənzə Culfa rayonun Gal, Şurud kəndləri üçün artıq oktyabr ayından soyuq aylar başlayıb. Aprelin ortalarına qədər bu kəndlərdə mənzillərin isidilməsi üçün qaz və eletrik sobalarından istifadə edilir. Belə demək mümkündürsə dağlıq yaşayış məntəqələrimizdə mənzillərin isidilməsi üçün qaz və elektrikə olan tələbat təxminən 6-7 aylıq bir periodu əhatə edir. Bu period isə mövcud təbii qaz və elektrik limiti üçün kifayət etmir. Güzəştli qaz limiti məsələsində bütün əhaliyə və regionlara eyni yanaşmanın tətbiq olunması bu ərazilərdə yaşayan vətəndaşlarımız üçün müəyyən sıxıntılar yaradır.
Kənd yaşayış məntəqlərinin inkişafı, kənd əhalisinin rahat yaşayışının təmin edilməsi, sosial qayğılarının azaldılması, ucqarlarda məşğulluğun artırılması dövlət siyasətinin əsas prioritetlərindən hesab edilir. Bütün bunları nəzərə alaraq Tarif şurasının güzəştli qaz limitləri ilə bağlı qərarına yenidən baxılması, dağlıq ərazilərdə yaşayan vətəndaşlarımız üçün bu limitin artırılması məsələsini nəzərə almalarını xahiş edirəm.
İkinci məsələ gələcəyimiz sayılan gənclərlə bağlıdır. Gənclər və idman komitəsinin üzvü kimi il ərzində minlərlə gənclə ünsiyyətdə oluram. Ümumiləşdirilmiş formada bəzi problemləri sizlərin diqqətinizə çatdırmaq istəyirəm. Tələbə gənclərimizlə görüşlər zamanı ən çox səsləndirilən fikirlərdən biri təhsil xərclərinin ödənməsi məsələsi ilə bağlıdır. Təbii ki, bu il dövlət büdcəsində tələbə təhsil krediti üçün əlavə vəsait ayrılıb amma bəzi tələbələr üçün bugün bu kredit də əl çatan deyil Azərbaycan Gənclər Fondu bu il təkrar olaraq aztəminatlı ailələrdən olan istedadlı gənclərin təhsil haqqlarının ödənilməsi ilə bağlı müsabiqə elan edib. Müsabiqə artıq bir neçə ildir ki, uğurla icra olunur, Son dövrlərdə baş verən proseslər fonunda biz bir daha görürük ki, gənclərimizin vətənpərvər, dövlətçiliyə bağlı yetişməsi, qeyri-formal təhsil metodları ilə bilik və bacarıqlarının artırılması, onlarn asudə vaxtlarının səmərəli təşkili ən vacib məsələlər siyahısındadır. Bu sahədə biz gənclər təşkilatlarına dəstəyi genişləndirməli olduğumuzu düşünürəm. Gənclər fondu üçün həm təhsil xərclərinə həmdə gənclər təşkilatlarına dəstək üçün əlavə maliyyə vəsaitinin ayrılması məqsədəuyğun olar.
Digər bir məsələ tələbə gənclərimizi bugün ən çox maraqlandıran məsələlərdən biri ictimai nəqliyyatdan istifadə məsələsidir. Mümkün olarsa tələbə gənclər üçün ictimai nəqliyyatda, metrolarda, qatarlarda, hava yollarında müxtəlif güzəştlərin tətbiqi büdcədə nəzərə alına. Bugün Naxçıvanda yerləşən təhsil müəssəsələrində təhsil alan gənclərimizi də bu məsələ xüsusilə maraqlandırır. Ölkəmizin müxtəlif bölgələrindən yüzlərlə gənc Naxçıvanda təhsil alır, eyni zamanda Naxçıvandan hər il yüzlərlə gəncin ölkənin müxtəlif yerlərində baş tutan layihələrdə iştirakı üçün hava yollarından isitfadə edirlər. Təbii bugün tələbələr üçün hava nəqliyyatından istifadə zamanı güzəştlər nəzərdə tutulub, lakin əgər mümkün olarsa bu güzəştin miqdarının artırılması Naxçıvanda yaşayıb təhsil alan bütün tələbə gənclərimizi sevindirmiş olar. Bu məsələnin də nəzərdə saxlanması arzuolunandır.
Cəbi Quliyev
Milli Məclisin deputatı