"The Guardian" Cavanşir Feyziyevə görə təkzib verib 

The Guardian qəzeti fevralın 1-də London məhkəməsinin qərarını şərh edərkən səhvən “C. Feyziyevin ailə üzvləri tərəfindən təqdim olunan sənədlərin saxta olduğunu” bildirmişdi. Vəkillərin müraciətindən sonra The Guardian qəzeti öz səhifələrində təkzib verib və bu barədə C. Feyziyevin vəkillərinə məktub göndərib.

The Guardian qəzeti tərəfindən verilmiş cavab məktubunda ilkin mətndə bu məzmunda verilmiş müvafiq cümlələrin yanlış olduğu etiraf olunub və bu səhvin dərhal aradan qaldırılacağı bildirilib. Elə həmin gün qısa müddət ərzində qəzetin şərhindəki səhvlər aradan qaldırılb.

Əlavə olaraq qəzetin özünün “Düzəlişlər və Təkziblər” rubrikasında, eləcə də qəzetin elektron versiyasındakı xəbər mətninin altında qeyd olunub ki:

“Məqaləyə 1 fevral tarixində düzəlişlər edilib. Belə ki, bu məqalənin ilkin variantında səhvə yol verilmiş və bildirilmişdi ki, “...məhkəmə araşdırmaları zamanı Cavanşir Feyziyevin ailə üzvləri tərəfindən saxta sənədlər təqdim edilib...”. Bununla bildirmək istəyirik ki, məhkəmə gedişatında hər hansı bir saxta sənədin təqdim olunması barədə nə hakim və nə də Milli Cinayət Agentliyi tərəfindən heç bir iddia irəli sürülməyib.”

Məktubda həmçinin bildirilir ki, sənədlərin saxtalığı ilə bağlı iddialar yalnız bir-biri ilə ticari münasibətlərdə olduğu güman edilən və cavabdehlərə aidiyyatı olmayan 3 şirkətə aiddir.

Xatırladırıq ki, daha əvvəl Cavanşir Feyziyevin öz müsahibəsində də vəsaitlərin Beynəlxalq Bank vasitəsilə köçürülmüş hissəsində köçürmə əməliyyatlarının tam aydın və şəffaf olmadığı və məhkəmənin bu əməliyyatlar zamanı həmin 3 şirkət arasında hansısa qeyri-qanuni əməlin törədilməsindən şübhələndiyi bildirilirdi. Lakin məhkəmədə şübhə doğuran bu köçürmə əməliyyatlarının bank müştərilərinə, o cümlədən C.Feyziyevin ailə üzvlərinə heç bir aidiyyatı yoxdur.

Dünya şöhrətli The Guardian qəzetinin təkzib mədəniyyətindən örnək götürərək Azərbaycan saytları da cavabdehlər tərəfindən guya saxta sənədlərin təqdim olunması barədə verilmiş yanlış məlumatları və şərhləri saytlardan silməlidir.

Bu bir tərəfdən haqsız olaraq öz vətəndaşımz haqqında verilmiş yanlış məlumatı aradan qaldırar və digər tərəfdən, milli yazarlarımızın jurnalist etikasına, öz peşəsinə və imzasına hörmətinin təzahürü olardı.