NATO ilə Gürcüstanın qarşılıqlı əməkdaşlığı Şimali Atlantika İttifaqının hərbi infrastrukturunun bu ölkədə yerləşdirilməsinə gətirib çıxarmayacaq. Bu barədə Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze bildirib. O deyib ki, müstəqil dövlət kimi Gürcüstan istənilən beynəlxalq təşkilatla əməkdaşlıq etmək hüququna malikdir. NATO ilə bu əməkdaşlığımız ittifaqın hərbi infrastrukturunun ölkəmizdə yerləşdirilməsinə yönəldilməyib: "Gürcüstan özünün və regionun təhlükəsizlik məsələlərinə məsuliyyətlə yanaşır. Biz regionun təhlükəsizliyinə zərər gətirəcək addımlara təşəbbüs göstərməyəcəyik."
Onun sözlərinə görə, Tiflis yaxın vaxtlarda NATO-a qoşulmaq niyyətində deyil. Bu, bütün əlaqədar şəxslərə məlumdur. Hamı yaxşı bilir ki, Gürcüstanın bu gün və ya sabah NATO-ya üzvlük məsələsi lazım deyil.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir gün əvvəl bildirib ki, Gürcüstanın NATO-ya üzv olması Cənubi Qafqazda sabitliyi pozacaq.