Tofiq Musayev "Karapapak Fight club & Promotion"-un vitse-prezidenti seçilib

3 avqust 2022-ci il tarixində "Karapapak Fight club & Promotion"-un növbəti iclası keçirilib. Klub rəhbərliyinin qərarına əsasən MMA üzrə dünya, Avropa və dəfələrlə Avrasiya çempionu olmuş Tofiq Teymur oğlu Musayev "Karapapak Fight club & Promotion"-un vitse-prezidenti vəzifəsinə təyin edilib. T. Musayev 15 dekabr 1989-cu ildə Bakı şəhərində anadan olub. 12 yaşında karate ilə məşğul olmağa başlayan idmançı 23 yaşında peşəkar döyüş sənətində debüt edib. 2011-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirən Tofiq, Kunq-fu və Sanda üzrə dünya çempionu, MMA üzrə dünya, Avropa və dəfələrlə Avrasiya çempionu olub. O, 2019-cu ildə MDB ölkələri arasında qarışıq döyüş sənəti üzrə 10 ən güclü idmançı sırasına daxil olub. Bundan başqa 2019-cu ildə dünyanın ən nüfuzlu təşkilatlarından olan “Rizin Fighting Federation”-un təşkil etdiyi Rizin Qran-prisinin qalibi olub. Bir neçə gün öncə dünyanın iki ən məşhur turnirindən biri olan "Bellator 283" turniri çərçivəsində amerikalı rəqibi Sidney Outlavı döyüşün 27-ci saniyəsində nokaut edərək qələbə qazanıb. Qeyd edək ki, Tofiq Musayev 44 günlük Vətən müharibəsinin ilk günlərindən döyüşə yollanıb və ön xətdə fəal iştirak edib. Prezident İlham Əliyevin sərəncamına əsasən "Cəsur döyüşçü" medalı ilə təltif edilib. Ailəlidir, 2 övladı var.