"Torpaqları azad edənlər həyatlarında heç vaxt Qarabağı görməmişdilər" - İlham Əliyev

"İşğal dövründə idman qələbələrimiz insanların şüurunda Birinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra bir növ rəmzi kompensasiya oldu. Beləliklə, biz göstərdik ki, qalib gələ bilərik və qələbə Azərbaycanda vətənpərvərliyin çox mühüm amilinə çevrildi. Çünki idmançılarınız qalib gələndə, bayrağımız qalxanda, himnimiz çalınanda adamı böyük qürur hissləri bürüyür".

Sabahinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində söyləyib.

"Bu, gənc nəsil üçün vətənpərvər olmaqda mühüm amil idi, çünki mən aydın şəkildə anladım ki, bunsuz biz qələbə qazana bilməyəcəyik. Bəli, biz müdafiə imkanlarımıza, hərbçilərimizin təliminə böyük sərmayələr yatırdıq. Biz İkinci Qarabağ müharibəsinə hazırlaşmaq üçün çox işlər gördük. Lakin sizə deyə bilərəm ki, hazırda, iki il yarımdan sonra, Qələbəmizin əsas meyarı qələbə ruhu idi. Torpaqları azad edənlər həyatlarında heç vaxt Qarabağı görməmişdilər, çünki çox gəncdirlər. Qarabağ işğal ediləndə onlar heç anadan olmamışdılar. Beləliklə, onları bu məqsədə aparan nə idi? Qələbə ruhu, vətənpərvərlik və ləyaqət idi.

İdman həm budur, həm fiziki sağlamlıq deməkdir, çünki biz istəyirik ki, cəmiyyətimiz sağlam olsun. Biz istəyirik cəmiyyətimiz fiziki baxımdan güclü olsun. Bunun üçün idman birinci yerdədir. Əlbəttə ki, yaxşı qida, pis vərdişlərin olmaması məsələsi də var. İdman bəlkə onları üstələyir. Həmçinin hazırda biz idmanın kütləviliyi üzərində çalışırıq ki, hər rayonda idman infrastrukturumuz olsun. Bunu artıq yaratmışıq. Eyni zamanda, bu, beynəlxalq nüfuz deməkdir, çünki ilk Avropa Oyunları həqiqətən Azərbaycanı Avropaya açdı. Formula 1 yarışlarını artıq yeddi dəfə keçirmişik. Xüsusən də, nəzərə alsaq ki, o, şəhər küçələrində baş verir. Bu, Bakını heç vaxt görməyən üçün şəhərimizin təqdimatıdır. Formula 1-in auditoriyası 500 milyondur. İlk Formula 1 yarışlarından sonra turizm 20 faiz artdı və COVID-dən əvvəl hər il on – on beş faiz artım var idi. Yarışlar sayəsində çoxlu xarici turist gəldi. Ölkəyə çox xarici valyuta daxil oldu. Bir çox amillər hər bir hökumətin idmanın inkişafına böyük diqqət yetirməli olduğunu göstərir", - deyə o bildirib.