Bu günlərdə Bakıda keçirilən TÜRKPA-nın plenar iclasları Türk dünyasının birliyinin daha bir nümunəsi oldu. Prezident İlham Əliyevin bu il iyunun 6-da TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı səsləndirdiyi fikirlər Türk dünyasının birləşməsi istiqamətində yol xəritəsi oldu.
Məlum olduğu kimi, Şuşa Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Dövlətimizin başçısı bildirdi ki, Zirvə görüşlərinin keçirilməsi mütəmadi xarakter almalıdır. Çünki sürətli, davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün mövzusu da bəllidir. Bu, nəqliyyat və iqlimlə bağlı olacaq. Bu istiqamətdə tədbirlərin təşkil olunması çox zəruridir. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Məhz bunun nəticəsidir ki, Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması istiqamətində Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir.
Zirvə görüşünün Şuşada keçirilməsinin böyük rəmzi mənası var. Çünki Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Bu müddət ərzində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər ediblər. Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan prezidentləri Ağdam və Füzulidə olublar. Bununla yanaşı, azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlayıb.
Dövlətimizin başçısı da bildirdi ki, sözügedən ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər. İndi Şuşaya gedən hər bir insan yeni çəkilən avtomagistraldan keçərək öz gözü ilə görür ki, orada 7 tunel, 9 viaduk, bir çox körpülər inşa edilir və podratçıların əksəriyyəti Türkiyədən olan şirkətlərdir. Eyni zamanda, artıq 4 şəhər və 4 kənd bərpa edilib və keçmiş köçkün soydaşlarımız oraya qayıdıblar. Yeddi mindən çox keçmiş köçkün artıq öz dədə-baba torpaqlarında yaşayır və bu ilin sonuna qədər bu rəqəm ən azı 20 minə çatacaq.
Türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biridir. Qardaş ölkələrimiz arasında əməkdaşlıq əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla inkişaf edir. Çoxsaylı qarşılıqlı səfərlər, iqtisadi, mədəni, enerji, nəqliyyat və digər sahələrdə həyata keçirilən layihələr və atılan addımlar türk dövlətlərinin əlaqələrini daha da möhkəmləndirir.
Professor Mahirə Hüseynova ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru