Emin Hacıyev
millət vəkili
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının Qərarı ilə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edildi. Ali Orden dövlətimizin başçısına noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilib.
Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının bununla bağlı qəbul etdiyi Qərarda deyilir: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir”.
Qərarı Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev imzalayıblar.
Ali Ordeni Azərbaycan Prezidentinə təqdim edən Prezident Rəcəb Tayyib Ərdoğan deyib:
“Hörmətli Prezident, Əziz qardaşım, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev.
Qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır.
Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilmişdir. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etmişdir.
Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur.
Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda, bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb.
Fürsətdən istifadə edərək əziz Qardaşım cənab İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim etməkdən dərin məmnunluq duyur, azadlıq yolunda şəhid zirvəsinə ucalan qəhrəmanlarımızı rəhmət və ehtiramla yad edirəm”.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə bu mükafatı böyük şərəf, eyni zamanda, böyük məsuliyyət kimi dəyərləndirərək bildirmişdir ki, sevincimi ikiqat edən bu Ali Ordenin Türk Şurasına üzv ölkələrin dövlət başçılarının imzası və əziz Qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə təqdim edilməsidir.
Hələ 2009-cu ildə Naxçıvanda Türk Şurası yaradılarkən Azərbaycan Prezidenti İlham Əliyev türk dünyasının fiziki birləşməsi, Naxçıvanın anklav vəziyyətindən çıxarılması istiqamətində mühüm addımların atılması məsələlərinə toxunmuşdu. Hazırda həyata keçirilən dərin hərbi-siyasi strategiya sayəsində bu, artıq reallıqdır. Eyni zamanda, Türk Dövlətləri Təşkilatına yeni üzvlərin qəbul edilməsi, xüsusilə qardaş Türkmənistanın bu təşkilata cəlbi, Özbəkistanın tamhüquqlu üzv olaraq təşkilata qoşulması son illərdə bu təsisatın tarixində baş verən mühüm hadisələrdir. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun bu təşkilatın Zirvə Toplantısında iştirak etməsini məmnuniyyətlə qeyd etdi. Bir müddət bundan əvvəl məhz Azərbaycanın səyləri sayəsində ölkəmizlə Türkmənistan arasında vaxtilə mübahisə mövzusu olmuş neft yatağı “Dostluq” adı altında iki qardaş ölkə tərəfindən birgə istismara cəlb olundu və yalnız bundan sonra Türkmənistan Türk Dövlətləri Təşkilatına üzv olmaq üçün qərar qəbul etdi.
Bu mükafat təkcə Müzəffər Ali Baş Komandan, bu günlər qardaş Türkiyədə deyildiyi kimi, İkinci Qarabağ müharibəsinin Qəhrəmanı cənab İlham Əliyevə deyil, Vətən uğrunda tarixi savaşın qalibi olan bütün Azərbaycan xalqına verilmiş mükafatdır.