32 ildən sonra Xocalı qurbanlarının xatirəsi qanlı cinayətin törədildiyi Xocalıda rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə anıldı. Azərbaycan Prezidentinin təşəbbüsü və iştirakı ilə keçirilən bu Anım mərasimi dünya azərbaycanlıları ilə yanaşı, tarixi Zəfərimizi hələ də həzm edə bilməyən dairələrə bir daha göstərdi ki, dövlət və xalq olaraq Xocalı soyqırımı qurbanlarını heç vaxt unutmayacağıq.
Prezident İlham Əliyevin Xocalıda təməlini qoyduğu Xocalı Soyqırımı Memorialı amansız cinayətdə əli olanlara və cinayətkarları himayə edənlərə həm də bu ismarıcı verdi ki, onlar heç vaxt bağışlanılmayacaq. Prezidentin hər bir Azərbaycan vətəndaşının qəlbindən keçən bu fikri isə erməni cəlladlarının himayədarlarına çatdırdı ki, humanizm və mərhəmət hissi Xocalı soyqırımının baiskarlarına, təşkilatçı və iştirakçılarına heç vaxt şamil olunmayacaq: “Halbuki hər birimizin ürəyində qisas hissi var, hər birimiz o qanlı tarixə qayıdanda, o dəhşətli video və fotosənədlərə baxanda bizi qəzəb boğur, 30 il yox, 300 il keçsə də, bu qəzəb bizi buraxmayacaq”. Dövlətimizin başçısı cəmiyyətimizdə ictimai rəyin formalaşmasına təsir edən həqiqətlərdən birini də xüsusi olaraq qabartdı: “Düzdür, 18 ölkə bizim səylərimizin nəticəsi olaraq bu qanlı faciəni soyqırımı kimi tanımışdır. Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır”.
Prezident İlham Əliyev bu açıqlaması ilə 32 il ərzində üz-üzə qaldığımız, böyük dövlətlərin Azərbaycana münasibətdə sərgilədiyi ayrı-seçkilik siyasətinin əsl simasını, utancverici mahiyyətini bir daha dünya ictimaiyyətinə göstərdi. Göstərdi ki, 28 il boyunca dinc və ədalətli sülh çağırışları adı altında vasitəçilik etmiş nə ABŞ, nə də Rusiya Xocalı soyqırımını indiyədək tanımayıb. Fransanın ölkəmizə qarşı haqsız və qərəzli münasibətini, onun açıq-aşkar erməni təəssübkeşliyini isə heç müzakirə etməyə dəyməz. Guya 109 il öncə törədilmiş “erməni soyqırımını” əl-ələ verib tanıyanlar, onların gözü qarşısında cəmi 32 il əvvəl Xocalıda törədilən soyqırımı faktını hələ də tanımayıblar. Bu il fevralın 12-də Ermənistanın törətdiyi növbəti təxribata Dövlət Sərhəd Xidmətinin verdiyi cavab əməliyyatını qeyri-mütənasib adlandıran nə cənab Cozep Borrell, nə də AŞPA-da insan haqları pərdəsi altında ölkəmizə qarşı ədalətsizlik edən cənab Frank Şvabe kimilər Xocalı soyqırımı qurbanlarının Anım Günündə sosial media hesablarında bir paylaşım belə etmədilər. Halbuki ermənilərə gəldikdə, onların bir çoxu böyük həvəslə, xüsusi canfəşanlıqla ermənipərəst paylaşımlar edirlər. Azərbaycan cəmiyyəti bu cür ayrı-seçkiliyi və etinasızlığı gördüyü üçün, belələrinin səmimiyyətinə haqlı olaraq inanmır.
Üzləşdiyimiz ədalətsizlik faktları hər birimizi nə qədər məyus etsə də, Prezident İlham Əliyevin andiçmə mərasimində söylədiyi bu tarixi fikri nə bizlər, nə də gələcək nəsillər unutmamalıdır: “Biz, -İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim,- sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir”.
Tarix sübut etdi ki, haqsızlığa sinə gərmək, tarixi ədaləti bərpa etmək və milli ləyaqətimizi qorumaq üçün yalnız özümüzə, öz gücümüzə və birliyimizə güvənməliyik. Xalqımızın birliyi və şəksiz Liderinə inamı, dövlətimizin monolitliyi 44 günlük Vətən müharibəsində ağır sınağa çəkildi. Bu sınağın obyektiv və ədalətli nəticəsini Prezident seçkilərində hər kəs gördü və bir daha əmin oldu ki, bu möhtəşəm birlik milli-mənəvi dəyərlərimiz üzərində ucalan qarşılıqlı etimada söykənir. Əminəm ki, qalib Azərbaycan xalqı qalib Liderinin rəhbərliyi ilə qarşıdakı illərdə digər haqlarını da mütləq bərpa edəcək və bir gün böyük dövlətlər də Xocalı soyqırımını tanımalı, həqiqəti etiraf etməli olacaqlar. Prezident İlham Əliyevin xüsusi olaraq vurğuladığı kimi, tarixi köklərimiz və ortaq milli-mənəvi dəyərlərimizlə bağlı olduğumuz böyük Türk dünyası imkan verməyəcək ki, Türk xalqlarının haqqını kimlərsə görməzdən gələ bilsin! Bunu tarixi ədalət hissi ilə yanaşı, beynəlxalq hüquq normaları tələb edir.
Ülvi Quliyev
Milli Məclisin deputatı