Türkiyə-Azərbaycan qardaşlığı, birliyi ən yüksək pillədədir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 oktyabr tarixində Cəbrayıl şəhərində mətbuata verdiyi bəyanatda xüsusi olaraq vurğulamışdır ki, İkinci Qarabağ müharibəsi, müharibədən sonrakı dövr Türkiyə-Azərbaycan birliyini, qardaşlığını daha da gücləndirdi və Şuşa Bəyannaməsinin imzalanması iki dövlətin rəsmən müttəfiq olduğunu təsdiq etdi.

Azərbaycan və Türkiyə arasında 300-dən çox rəsmi sənədin imzalanmasına rəğmən, Şuşa Bəyannaməsi onların arasında xüsusi yer tutur.

Yaxşı məlumdur ki, iki dövlət arasında strateji münasibətlər və müxtəlif sahələrdə ən ciddi əməkdaşlıq mövcud idi, ancaq qarşılıqlı əlaqələr sistemi yeni mükəmməl formata – müttəfiqlik münasibətlərinə yüksəldildi. Nəzərə almaq lazımdır ki, bu cür yeni münasibətlər arxitekturası kompleks şəkildə təhlükəsizliyinin təmin edilməsində, iqtisadi inkişafın və regional iqtisadi inteqrasiya proseslərinin surətləndirilməsində mühüm rol oynayır. Ölkə Başçısının qeyd etdiyi kimi, “Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır”.

Şuşa Bəyannaməsinin müasir beynəlxalq hüquq kontekstində dəyərləndirilməsi birmənalı olaraq nümayiş etdirir ki, Azərbaycan və Türkiyə universal səviyyədə təşəkkül tapmış fundamental hüquq prinsiplərinə - ərazi bütövlüyü, suverenlik, sərhədlərin toxunulmazlığına sadiqdirlər. Azərbaycan və Türkiyənin belə bir mövqeyi Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təşəkkül tapmış məqsəd və prinsiplərə tamamilə uyğundur və regionda yeni təhlükəsizlik konfiqurasiyasının formalaşması üçün hüquqi platforma rolunu oynayır.

Şuşa Bəyannaməsində əksini tapan ən mühüm bəndlərindən biri də işğaldan azad edilmiş rayonlarda həyatın normallaşdırılması istiqamətində fəaliyyətlin dəstəkləməsi idi və kecən dövr ərzində hayata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri Türkiyə-Azərbaycan birliyinin ən möhtəşəm nümünələrindəndir. Qardaş ölkənin şirkətləri qısa müddət ərzində qenişmiqyaslı işlər görüb və inşaat, yol çəkilişi işlərində bizimlə birgə çalışırlar. Həmçinin qeyd etmək vacibdir ki, böyük layihələrin davamı olaraq, bir sıra avtomobil və dəmir yollarının, uzunluğu 50 kilometrdən çox olan 33 tunelin inşası, 12 kilometrlik 84 körpünün tikilməsi nəzərdə tutulmuşdur. Bütün bunlar bir daha təsdiq edir ki, iki qardaş dövlət arasında bütün sahəhələrdə münasibətlər ən yüksək pillədədədir və Qarabağın və Şərqi Zəngəzurun tam bərpa edilməsi üçün Türkiyə-Azərbaycan birliyi tərəfindən daha böyük işlər görüləcək.

Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü