Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsveçin Baş naziri Ulf Kristersson və NATO-nun Baş katibi Yens Stoltenberq arasında Vilnüsdə keçirilən görüşdə NATO-nun genişlənməsinə dair razılıq əldə olunub.
Sabahinfo.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, sənəd 6 bənddən ibarətdir.
Razılaşmaya əsasən tərəflər təmasları həm NATO daxilində, həm də hər iki ölkə nazirlərinin iştirakı ilə davam etdirəcəklər.
Ankara, Stokholm və Brüssel razılaşıblar ki, terrorla mübarizə uzun müddətli prosesdir və bu istiqamətdə işlər NATO-nun genişlənməsindən sonra da davam etməlidir.
İlk iclasda İsveç terrorla necə mübarizə aparacağına dair planı Türkiyəyə təqdim etməlidir.
Razılığa görə, həmçinin Stokholm heç bir terror təşkilatını dəstəkləməyəcək.
Bundan başqa, Ankara və Stokholm arasında iqtisadi əməkdaşlıq başlayacaq. Ölkələr arasında silah ticarəti ilə bağlı məhdudiyyətlər yumşaldılacaq. Eyni zamanda, İsveç Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüyünü dəstəkləyəcək.
Qeyd edək ki, İsveç və Finlandiya 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün ərizə ilə müraciət etmişdi. Türkiyə bu ölkələrin Alyansa üzvlüyü üçün terrorçuları dəstəkləməmələri ilə bağlı şərt irəli sürmüşdü. Finlandiya Ankaranın bu tələblərini yerinə yetirib.
Finlandiya bu ilin aprelində NATO-ya üzv olub. Lakin İsveç Türkiyənin şərtlərinə əməl etmədiyinə görə Ankara Stokholmun quruma qoşulmasının əleyhinə səs verib. Nəticədə İsveç hələlik NATO-ya qəbul edilməyib.
İyulun 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsveçin Baş naziri Ulf Kristersson və NATO-nun Baş katibi Yens Stoltenberq Vilnüsdə görüşüblər. Müzakirələrin sonunda R.T.Ərdoğan İsveçin Alyansa üzvlüyünə razılıq verib.