Son altı ildə keçirilən əməliyyatların uğurları Türkiyə Silahlı Qüvvələrini dünyanın ən güclü orduları sırasına daxil etməyə əsas verir.
Sabahinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Milli Müdafiə Universitetində çıxışı zamanı deyib.
“Biz ordunun məhkəmləndirilməsi və dünyanın ən güclü ordusuna çevrilməsi istiqamətində addımlarımızı davam etdirəcəyik”, - deyə Türkiyə lideri bildirib.
R.T.Ərdoğan qeyd edib ki, müəyyən kadr çatışmazlığına baxmayaraq, Türkiyə Silahlı Qüvvələri yeni uğurlar nümayiş etdirməkdə davam edir.
Onun sözlərinə görə, Türkiyə ordusunun gücü terrorla mübarizə sahəsində, o cümlədən sərhədyanı əməliyyatlarda da özünü göstərir: “Terror təhlükəsi tamamilə aradan qaldırılana qədər terrorizmlə mübarizə davam edəcək”, - deyə Türkiyə lideri bildirib.
R.Ərdoğan xarici tərəfdaşların Türkiyədə keçirilən hərbi təlimlərə artan marağını qeyd edib.
Dövlət başçısı bildirib ki, Türkiyədə keçirilən "EFES" hərbi təlimlərində iştirak edən ölkələrin sayı ABŞ da daxil olmaqla 39-a çatıb.
"Türkiyə və onun xalqı dünyanın istənilən yerində qələbələrə töhfə verməyə hazırdır. Biz bunu Azərbaycanda və Liviyada nümayiş etdirmişik", - Türkiyə lideri bildirib.
Türkiyə dövlət başçısı qeyd edib ki, bir sıra NATO ölkələri terrorla mübarizədə Ankaranı dəstəkləmir. "Bizdən üz döndərənləri unutmuruq”, - deyə R.T.Ərdoğan bildirib.
Türkiyə lideri NATO-nun Madriddə keçirilən son sammitinin nəticələrinə də toxunub.
Onun sözlərinə görə, İsveç və ya Finlandiya öz üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsini gecikdirməyə və ya həyata keçirməməyə çalışsalar, Türkiyə NATO-nun genişlənməsi üzrə ilkin mövqeyinə qayıdacaq. “Buna heç kimin şübhəsi olmasın”, - deyən R.T.Ərdoğan NATO-ya dəvətin Şimali Atlantika Alyansı sıralarına qəbul edilmək anlamına gəlmədiyini vurğulayıb.
Prezident R.T.Ərdoğan daha sonra Afinaya xəbərdarlıq edib. "Yunanıstan tarixin dərslərini xatırlamalı və bölgədəki prosesləri nəzərə almalıdır”, - Türkiyə lideri bildirib.