“Türkiyə xalqı ölkənin uğuruna səs verəcək"

“Ümumiyyətlə, Türkiyədə keçiriləcək Prezident seçkilərinin nəticələri və seçkilərlə bağlı məsələlər təkcə türk xalqının məramında deyil, digər böyük dövlətlərində marağındadır. Azərbaycan üçün Türkiyənin güclü olması vacibdir. Türkiyə nə qədər güclü olsa, Azərbaycan da bir o qədər güclü olar”. 

Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib. Onun sözlərinə görə, keçirilən son seçkilərdə AKP Partiyası qalib gəlmişdi: “20 ilə yaxındır ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olub və bu müddət ərzində bir çox uğura imza atıb. Bugünkü gündə Türkiyə regionda və dünyada söz sahibi olan bir ölkədir. Türkiyənin bu cür uğur qazanması dost dövlətləri sevindirdiyi kimi, onun güclənməsini istəməyən qüvvələri də qıcıqlandırır. Hesab edirəm ki, bütün bunlar Rəcəb Tayyib Ərdoğanın səyləri, siyasi bacarığı və yüksək iradəsinin nəticəsidir. Ona görə də Türkiyə milləti üçün çox yaxşı olardı ki, siyasət davam etsin və AKP Partiyasının layiqli nümayəndəsi Rəcəb Tayyib Ərdoğan Prezident seçilsin”.

 

Politoloq sözlərinə davam edərək qeyd edib ki, Türkiyə ilə Azərbaycan dost ölkədir: “Bu dostluq həmin ölkələrin liderlərindən də çox asılıdır. Əminliklə deyə bilərəm ki, Azərbaycan və Türkiyə tarixində hər iki ölkənin hazırki liderlərinin bir-birinə qarşı olan münasibəti və doğmalığı bugünə kimi heç bir liderlər arasında olmamışdır. Əgər Türkiyədə başqa bir lider olsa və bizim ölkə başçımızla əlaqələri indiki səviyyədə olmasa idi, bu iki xalq arasındakı münasibətlər də belə səviyyədə olmayacaqdı. Həm qardaş ölkəylə əlaqələrimizi, həm də Türkiyənin daxili inkişafını nəzərə alaraq təbii ki, arzulayırıq ki, Rəcəb Tayyib Ərdoğan yenidən Prezident seçilsin. Düşünürəm ki, bu belə də olacaq. Çünki Türkiyə xalqı qədirbilən və öz inkişafını düşünən xalqdır. Onlar çox gözəl bilir ki, son 20 ildə əldə edilən uğur Türkiyə tarixində heç vaxt olmayıb. Bu reallıqdır və bunu siyasətdən başı çıxan hər kəs bilir. İnanıram ki, Türkiyə Respublikasının vətəndaşları ölkələrinin uğuruna, gələcəyinə səs verəcək. Bu da təbii ki, cənab Rəcəb Tayyib Ərdoğan olacaq”.