“Türkiyənin bayrağı bizə Azərbaycanın bayrağı kimi əzizdir”

“Son günlər Bakı küçəsində qardaş Türkiyə bayrağına göstərilən hörmətsizlik Azərbaycan xalqını haqlı olaraq hiddətləndirib. Polis qısa müddət ərzində həmin şəxsi saxlayıb. Biz bir şeyi başa düşməliyik ki, Türkiyənin bayrağı bizə Azərbaycanın bayrağı kimi əzizdir”.

Bu fikirləri QHT.az-a “Qardaşlığımız Əbədidir” QHT koalisiyasının sədri Emin Həsənli bildirib. Emin Həsənli iki qardaş xalqın dar gündə bir-birinə dayaq durmasının ibrətamiz nümunələrini misal çəkib: “Azərbaycan Xalq Cümhuriyyəti qurulanda, Bakı azad olunan zaman Nuru paşanın komandanlığında 1130 türk əsgəri şəhid olub. Azərbaycanın bir çox yerində onların şəhid məzarlıqları var və oradan qoşa bayraq asılıb. O zaman da Azərbaycana yeganə və ən böyük köməkliyi Türkiyə edib. Türkiyədə Çanaqqalada Azərbaycanın şəhidləri var, Türkiyə Cümhuriyyətinin qurulmasında  Azərbaycanın maddi və mənəvi köməyi olub. Mustafa Kamal Atatürk Nəriman Nərimanova yazırdı kı, biz bu borcu sizə necə ödəyəcəyik? Nərimanov da cavabında deyir ki, Paşam, qardaş qardaşa borc verməz, qardaş qardaşın əlindən tutar.

 

Azərbaycanın bir neçə ziyalısı Azərbaycan torpağı işğala məruz qalanda qardaş Türkiyəyə sığındı. Azərbaycanın ikinci dəfə də müstəqilliyini ilk dəfə Türkiyə tanıdı. Ordumuza, dövlətimizə o ağır günlərdə ilk dəstəyi Türkiyə verdi. Ulu öndər Heydər Əliyev bizi “Bir millət, iki dövlət” adlandırdı”.

Koalisiya sədri iki dövlət arasında mənəvi bağların iqtisadi və siyasi əlaqələrə də təsirini yada salıb: “Azərbaycan neftini, qazını Türkiyə üzərindən dünya bazarına nəql edir. Bizim ən böyük siyasi-iqtisadi əlaqələrimiz Türkiyə ilədir. Cənab Prezident İlham Əliyev Bir millətin iki diasporu ola bilməz və Türkiyə- Azərbaycan diasporu birgə fəaliyyət göstərəcəyini bəyan etdi. Bununla yanaşı hər zaman Türkiyəni müdafiə etdi. Bayaq da vurğuladığım kimi, Azərbaycanın ən ağır günlərində Türkiyə yanında olub. İkinci Qarabağ Müharibəsi zamanı Türkiyə açıq-aşkar bəyan etdi ki, əgər müharibəyə 3-cü dövlət qoşulsa, Türkiyə də Azərbaycan tərəfdən müharibəyə qoşulacaqdır. Türkiyə ordusu müharibədən öncə Azərbaycanda təlimlərə qoşuldu, F-16 təyyarələrini Azərbaycana dəstək üçün burada saxladı. Təyyarələr müharibənin sonuna kimi Azərbaycanda qaldı ki, 3-cü dövlət müharibəyə qoşulsa, Türkiyə vaxtında müdaxilə etsin. Azərbaycana bütün mənəvi dəstəyi Türkiyə göstərdi. İdeologiya işinin aparılmasında Azərbaycanın yanında oldular. Azərbaycanla Türkiyənin çox sıx əməkdaşlığı var. Müharibə ərəfəsində Türkiyə Prezidentinin çıxışları, müharibədən sonra Türkiyə Prezidentinin hərbi paradda iştirakı, müharibə ərəfəsində Türkiyənin xarici işlər nazirinin, müdafiə nazirinin Azərbaycana gəlməsi və s. Hamısı bunun göstəricisidir. Türkiyənin 4 partiyası Türkiyə Böyük Millətlər Məclisində sənəd imzaladı. 84 milyonluq Türkiyə arxamızda oldu.Türkiyədə meşə yanğınları zamanı Türkiyə bayrağını yanğından xilas etnək üçün onlarla azərbaycanlı gənc özünü oda atdı”.

Emin Həsənli baş verən bayraq olayını qətiyyətlə pislədiyini bildirib: “Bu gün hansısa nadan bu hərəkəti edib. Bu ağılsızlıqdır, bu cinayətdir. Bunu edən şəxs də cəzasını almalıdır. Azərbaycanın qanunları var. Dövlət rəmzləri bizim üçün əzizdir. Bizim üçün Azərbaycan bayrağı  nə qədər əzizdirsə, bizim üçün şəhid verdiyi Türkiyənin bayrağı da o qədər əzizdir. Azərbaycan Cümhuriyətini azərbaycanlılar və Türkiyə türkləri birgə qurublar. Elə Türkiyə Cümhüriyyətini də Türkiyə türkləri və azərbaycanlılar birgə qurublar. Bir yerdə qan töküblər. Bu gün də bütün məsələlərdə Türkiyə və Azərbaycan bir-birini ən yüksək səviyyədə dəstəkləyir. Buna Şuşa bəyannaməsini misal göstərmək olar. Azərbaycanı, Türkiyəni istəməyənlər hansısa fikirləri yaymaq istəyirlər. Bizlər bu fikirlərin yayılmasına imkan verməyəcəyik, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, daimidir, sonsuzdur, Türkiyə bayrağı bizə əmanətdir, biz bu əmanəti qoruyacağıq. Azərbaycan bayrağını necə qoruyuruqsa, Türkiyə bayrağını da elə qorumalıyıq. Azərbaycanda şəhidlər xiyabanında Azərbaycan və Türkiyə bayrağının birgə asılması təsadüfü deyil. 44 günlük müharibə zamanı Türkiyədə hər dövlət binasının üzərində,hər şəhərində Azərbaycan-Türkiyə bayraqları qoşa asılmışdı. İstanbul körpüsündə, Ankarada qalada, bütün cəlbedici məkanlarda bayraqlar qoşa dalğalanırdı. Bu yüksək dəyər və sevgidir. Türkiyədə Azərbaycan bayrağına sayğısızlıq elə Türkiyə bayrağına sayğısızlıqdır. Bizdə də belədir. Bu iki bayraq bizim üçün əzizdir, dəyərlidir və biz sonsuza qədər bu bayraqlara olan sevgini qoruyacayıq. Şəhidlərimiz bayraq üçün ölür. Bayraqda bizim şəhidlərin qanı var. Bizim üçün bayraq müqəddəsdir. Bayraq bir milləti, dövləti təmsil edir. Ata-babalarımız bayrağa daim müqəddəs baxıblar, biz də öz növbəmizdə ənənəni davam edirik. Bizim üçün Türkiyə bayrağı da Azərbaycan bayrağı qədər əzizdir. Bu bayraqlar daimidir, əbədidir və daima qoşa dalğalanacaqdır”.