Türkmənistanda təşkil olunan Zirvə Görüşü türk dünyası üçün yeni imkanlar vəd edir

“Türk dünyasının birliyi və inkişafı zərurətə çevrilib. Türkmənistanda təşkil olunmuş 3 tərəfli görüş də bu istiqamətdə atılan əməli addımlar sırasındadır”. Bunu mətbuata açıqlamasında YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı Mətanət Səfərli deyib. Onun sözlərinə görə, görüş bir sıra məqamlarla yadda qaldı: “Cənab Prezident İlham Əliyev çıxışında tarixi bağlar üzərində qurulmuş münasibətlərdən danışdı. Ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün yeni imkanların olduğunu bildirdi. Yeni dövrün çağırışlarına cavab verən belə bir əməkdaşlıq Azərbaycan, Türkiyə və Türkmənistan arasında olan münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək. Səfər çərçivəsində qəbul edilmiş Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşünün Birgə Bəyanatı, həmçinin imzalanmış “Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş”, “2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı”, o cümlədən gömrük, energetika və nəqliyyat sahələrinə dair memorandumlar Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşünün əhəmiyyətini daha da artırır”.

M.Səfərli onu da bildirib ki, ölkələrimiz tərəfindən bir çox layihələr icra edilib ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır: “Zirvə Görüşündə ölkə başçısı xüsusi olaraq qeyd etdi ki, hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Bu dəhlizin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq. Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək, Naxçıvan Muxtar Respublikası və daha sonra Türkiyəni birləşdirəcək yeni dəhliz regionun nəqliyyat sektorunda olduqca böyük imkanlar yaradacaq. Zəngəzur dəhlizindən istifadə türk dövlətləri arasında təkcə iqtisadi-ticari əlaqələrin deyil, eyni zamanda, mənəvi, mədəni, siyasi birliyin daha da güclənməsinə töhfə verəcək. Zəngəzur dəhlizi geniş mənada türk dünyasını birləşdirəcək. Bundan başqa, regionun logistik potensialını zənginləşdirən layihələr arasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin 25 milyon tona çatdırılması, Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonası, Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətinin 5 milyon tona çatdırılması, ölkəmizdə hava limanlarının sayının artırılması böyük imkanlar yaradacaq”.

Hazırda hər 3 ölkənin siyasi-iqtisadi əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan M.Səfərli Azərbaycanın haqq səsinin dünyaya çatdırılması və haqlı mövqeyinin qorunmasında Türkiyə və Türkmənistanın da xüsusi rolu olduğunu bildirib. Qeyd edib ki, bu tarixi səfər və imzalanan sənədlər yaxın gələcəkdə imkanların daha da genişlənməsinə xidmət edəcək.