TÜRKPA Azərbaycanla ruhən bağlıdır

Dünyəvi siyasətdə milli-xəlqi mənsubiyyətin də əhəmiyyəti böyükdür. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndə - müstəqillik haqqında Konstitusiya Aktı qəbul olunanda onu müstəqil dövlət kimi ilk olaraq türk dünyası tanıdı. Bu tanınma dünyəvi siyasətin istiqamətini də müəyyənləşdirdi. Bu illər ərzində Azərbaycanla türk dünyasına daxil olan dövlətlər arasında ikitərəfli, çoxtərəfli əlaqələr inkişaf etdi, genişləndi. Bu əlaqələr indi daha da genişlənməkdədir.

İyun ayının 6-da keçirilən TÜRKPA-nın plenar iclası da bu tezisin gerçəkliyinin ifadəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyev plenar iclasın iştirakçılarını qəbul etdi. Bu qəbul ehtiram idi, inam idi. Qəbulda qeyd edildi ki, TÜRKPA-nın plenar iclasları Türk dünyasının birliyinin təzahürü olur. Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər. Azərbaycan Respublikasıının Prezidenti cənab İlham Əliyev Türk dövlətləri ilə əlaqələrimizin prioritet istiqamət kimi müəyyən olunduğunu, Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcəyini də xatırladaraq dedi ki, “İldə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə isti¬qamətlənmiş növbəti addım olur”.

İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər dünyəvi siyasətdə nizamlanma yaratdı. İndi işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri gedir. Azərbaycan quruculuq işlərini də Zəfərlə tamamlayacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı çıxışında bu haqda dedi: “Azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük. Azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər. İndi Şuşaya gedən hər bir insan yeni çəkilən avtomagistraldan keçərək öz gözü ilə görür ki, orada 7 tunel, 9 viaduk, bir çox körpülər inşa edilir və podratçıların əksəriyyəti Türkiyədən olan şirkətlərdir. Eyni zamanda, dəmir yolunun bərpası prosesi də sürətlə gedir. Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir”.

Geniş quruculuq, abadlıq işləri aparıldığını, Qarabağın, Şərqi Zəngəzurun dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəyini əminliklə bildirən dövlət başçımız qürurla xatırladıb ki, azad edilmiş torpaqlarda həyat bərpa olunur. Artıq 4 şəhər və 4 kənd bərpa edilib və keçmiş köçkünlər oraya qayıtmışlar. Yeddi mindən çox keçmiş köçkün artıq öz dədə-baba torpaqlarında yaşayır və bu ilin sonuna qədər bu rəqəm ən azı 20 minə çatacaq...

Bu çıxış TÜRKPA-nın Azərbaycanla hansı səviyyədə bağlı olduğunun ifadəsi kimi tarixləşdi...

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı