Ermənistan 30 il ərzində işğal etdiyi torpaqlarımızda dünya dövlətlərinin gözü önündə beynəlxalq hüquq prinsiplərinə, BMT və ATƏT-in qərar və qətnamələrinə məhəl qoymayaraq misli görünlməmiş vəhşiliklər törətmişdir. İşğalçı dövlətin apardığı qeyri-qanuni iqtisadi fəaliyyət 1949-cu ildə qəbul edilmiş “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” Cenevrə Konvensiyasının, “Quru müharibəsinin qanun və adətləri haqqında” IV Haaqa Konvensiyasının, habelə insan hüquqları sahəsində mövcud beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozmuşdur. İşğal etdiyi ərazilərdə erməni işğalçılarının canlı təbiətə və bəşəriyyətə qarşı yönəlmiş əməlləri barədə Avropa Vəhşi Təbiətin və Təbii Ətraf Mühitin Mühafizəsi üzrə Bern Konvensiyasının Baş Katibinə, Biomüxtəliflik üzrə Konvensiyanın İcraçı katibinə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə, Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq Birliyin Prezidentinə rəsmi müraciətlər edilmiş, beynəlxalq təşkilatların diqqətinə bu istiqamətdə təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi çatdırılsa da, talançı Ermənistan çirkin əməllərindən əl çəkməmişdir.
Düşmən ölkə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda dünyanın bir çox xarici şirkətlərinin filiallarını yaradaraq müxtəlif sahələr - mədənçilik, tikinti, ağac emalı, telekommunikasiya və digər sahələr üzrə Azərbaycanın icazəsi olmadan qanunsuz fəaliyyət göstərmişdir. Belə ki, ümumilikdə, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin törətdiyi ekologiya terroruna 20-dən artıq ölkənin – o cümlədən, Böyük Britaniya, Fransa, İran, ABŞ, Rusiya, İsveçrə, Almaniya, Hollandiya və digər dövlətlərin şirkətləri qoşulmuş, işğal edilmiş ərazilərə investisiya yatıraraq Azərbaycanın təbii sərvətlərini qəddarlıqla istismar etmiş, qeyri–qanuni yollarla xarici ölkələrdə satışa çıxarmışdır. İşğal olunmuş ərazilərdə həyata keçirilmiş qeyri-qanuni fəaliyyət və təbii ehtiyatların istismarı ölkəmizin iqtisadiyyatı ilə yanaşı, həm də bir sıra ekoloji problemlərə gətirib çıxarmışdır.
Təəssüflə vurğulamaq istərdim ki, bu ekoloji terror bu gundə davam etməkdədir.
Əlavə etmək istəyirəm ki, Azərbaycanin təbii sərvətləri də qeyri-qanuni istismar olunur.
Bu artıq Azərbaycan xalqının səbr kasasını daşırdan son damla oldu. Bütün bu baş verənlərə etiraz olaraq Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri, ekoloji hüquqların müdafiəsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri, ictimai fəallar insan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərdə, o cümlədən milli qanunvericilikdə təsbit olunmuş hüquqlarından, xüsusilə sağlam ətraf mühitdə yaşamaq, sərbəst toplaşmaq, sərbəst hərəkət etmək, fikir və söz azadlığı hüquqlarından istifadə edərək hüquqların pozulmasına bilavasitə təsir göstərən ekoloji fəsadlara səbəb olan hallarla bağlı haqlı narazılıqlarını bildirirlər.
Azərbaycanın ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir.
Qeyd edək ki,Azərbaycan fəalların sülh aksiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır. Laçın dəhlizi Qarabağ müharibəsi başa çatandan dərhal sonra Putin, Əliyev və Paşinyan arasında razılaşmaya uyğun olaraq, Qarabağ ermənilərinin Ermənistana gedib-qayıtması üçün açılıb:
Hesab olunur ki, ümumən Qarabağda olduğu kimi, Azərbaycana məxsus olan yataqlarda da bütün növ qanunsuz hasilat dayandırılmalı, regionda bütün nəqliyyat kommunikasiyalarının açılması da daxil olmaqla üçtərəfli bəyanatın maddələri icra edilməlidir.
Əminə Ağazadə
Milli Məclisin deputatı