Uğura hesablanmış beynəlxalq siyasət

Azərbaycan beynəlxalq təşkilatlarla öz təmaslarını, fəal əməkdaşlığını davam etdirir. Vətən müharibəsindən sonra bu əlaqələr daha intensiv hal almağa başlayıb və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul edirlər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov deyib.

Onun sözlərinə görə, BMT xətti ilə Şuşa şəhərində beynəlxalq tədbir keçirilməsi, Qoşulmama Hərəkatının həm müharibədən əvvəl, həm müharibə dövründə, həm də müharibədən sonra Azərbaycanla həmrəylik nümayiş etdirməsi və ən əsası Avropa İttifaqının Azərbaycana qarşı olan isti münasibəti diplomatiyamızın növbəti uğurudur. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa İttifaqı ilə əlaqələrini siyasi və iqtisadi islahatlara dəstək, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və sair kimi müxtəlif çərçivələrdə inkişaf etdirib. Dövlətimizin başçısı İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Brüsseldə səfərdə oldu və səfərdə bir sıra mühüm məsələlərin müzakirəsi ilə yanaşı Azərbaycanın irəli sürdüyü 5 şərt qəbul edildi.

“Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə dövlətimizin başçısı Avropa İttifaqı ilə münasibətlərə toxundu. Bildirdi ki, Avropa İttifaqı postmünaqişə dövrünün reallıqlarını qəbul edib. Bu isə təbii ki, regionda yeni ab-havanın yaranmasına zəmin verir. Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün olduqca mühümdür. Bunu nəzərə alan beynəlxalq təşkilatın nümayəndələri Azərbaycanın imkanlarından səmərəli istifadə etməklə yanaşı, Azərbaycanı regionda mühüm tərəfdaşları hesab edirlər. Bunun nəticəsidir ki, artıq Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqlar həyata keçirilir və xarici işlər naziri Ceyhun Bayramovun ermənistanlı həmkarı ilə vasitəsiz telefon danışığı baş tutub”, - deyə İ.Yusifov bildirib.

Deputat qeyd edib ki, yaxın vaxtlarda Avropa İttifaqı ilə Azərbaycan arasında mühüm sazişin imzalanması planlaşdırılır ki, bu da münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək.

“Ölkəmiz Avropanın enerji təminatçısı qismində çıxış edir. Rusiya-Ukrayna münaqişəsindən sonra Avropanın əksər ölkələrinin Rusiya neftindən və qazından imtina etməsi diqqəti Bakıya yönəldib. Prezident İlham Əliyev tərəfindən düşünülmüş və məqsədyönlü siyasət nəticəsində bu istiqamətdə yaranan problemlər Azərbaycanın imkanları nəticəsində həll olunacaq. Belə olan halda ilk öncə ən vacib məsələ işğalçı Ermənistanı sülh müqaviləsinə razı salmaq idi ki, bu proses artıq reallaşır. Vəziyyətin belə olması isə təbii ki, revanşist düşüncədə olan erməniləri qıcıqlandırır. Əllərinə imkan düşən kimi təxribatlara əl atırlar, sərhəddə problemlər yaradırlar. Ancaq bütün bunlar nəticəsiz addımlardır. Azərbaycanın beynəlxalq siyasəti isə uğura nizamlanmış siyasətdir”, - deyə İltizam Yusifov vurğulayıb.