Xəbər verildiyi kimi, 25-26 iyun tarixlərində “Motivator Azərbaycan” layihəsinin təşkilatçılığı və Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə möhtəşəm açıq güləş turniri keçirilib.
“Diaspornews.az” məlumatına görə, Şuşa ilinə həsr olunan “Şuşa – 270” adlı yarışda yunan-Roma və sərbəs güləş növlərində 600-dən çox güləşçi çempion kəməri uğrunda mübarizə aparıb. Turnirə ev sahibliyini Abşeron İdman və Olimpiya Kompleksi edib.
Yarışda Ukraynanın azərbacyanlı idmançıları da güclərini sınayıblar. Belə ki, yunan-Roma güləş növü üzrə Timur Larin (68 kq), Əli Yusifzadə (41 kq) və Rəhman Həmidov (57 kq) yarışlara qatılıblar. İdmançılardan Timur Larin II yerə çıxaraq gümüş medal qazanıb.
Xatırladaq ki, bu idmançılar Ukraynanın müxtəlf şəhərlərində güləş üzrə yarışlarda iştirak ediblər. Müharibəyə görə hazırda Almaniyanın Noyvid şəhərində məskunlaşıblar. Onların məşqçiləri Toğrul Yusifzadə və Tural Həmidzadə də Azərbaycana gəliblər.
Baş məşqçi Toğrul Yusifzadə idmançılara belə bir turnirdə iştirak etmək üçün gözəl imkan yaradıldığına görə təşkilatçılar öz təşəkkürünü bildirib: “Şuşa adı ilə bağlı olan yarışda iştirak etməyimiz hər birimiz üçün böyük qürurdur. Uşalqar bu yarışa qatılmaqdan böyük sevinc hissi keçirdilər. Uşaqların belə yarışda iştirak etməsi vacibdir. Bura gəlməyimiz Mariuplda Azərbaycan Konqresinin sədri Afaq Həmidovanın vasitəçiliyi, Azərbaycanın Ukraynadakı səfirliyi, eləcə də Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresi və Odessa Azərbaycanlıları Diasporunun “Birlik” İctimai Təşkilatının dəstəyi ilə baş tutdu. Bu səfərdə bizə kömək edən hər kəsə təşəkkür edirik”.
Məşqçi Tural Həmidzadə isə yarışla bağlı öz təəssüratlarını bölüşüb: “Mübarizə gərgin şəraitində keçdi. Gənc idmançılarımız özlərini ən yaxşı tərəfdən göstərməyə çalışdılar. İdmançıları belə gözəl başlanğıc münasibətilə təbrik edirəm. Önəmli olan budur ki, uşaqlar Şuşa ilə bağlı olan yarışa qatıldılar. Bu turnir onların yaddaşlardan heç vaxt silinməyəcək. Fürsətdən istifadə edib bizə göstərilən dəstək və diqqətə görə hər bir soydaşımıza təşəkkürümüzü bildiririk”.