Urmiya fəlakəti: “İran çalışır ki, türklər həmin bölgədən köçüb getsinlər”- Kərim Əsgəri

Güney Azərbaycanın incisi, Yaxın Şərqin ən böyük duzlu gölü olan Urmiya gölü sürətlə quruyur. 

Son məlumatlara görə, gölün əksər hissəsi quruyub. İran İslam Respublİkasının hakuməti Urmiya gölünün bərpası istiqamətində nəzərdə tutulan tədbirləri görmür. Türkiyədə yaşayan güneyli milli fəal, Türkiyədə yaşayan güneyli fəal, beynəlxalq əlaqələr üzrə doktor Kərim Əsgəri deyir ki, İran hakimiyyəti Urmiya gölünü birlərəkdən qurudur.

“Təəssüflər olsun ki, təqribən 25 ildir ki, Urmiya gölünün qurudulması projesi davam edir. Bu proje bəlkə də öncədən hazırlanıb. Urmiya gölü niyə qurululur? Bunun çox ciddi səbəbləri var. Sovet İttifaqaı dağılandan sonra Şimali Azərbaycanın müstəqilliyi Güney faktoruna görə, İranda çox ciddi qorxu yaratdı.

Ona görə də Güney Azərbaycana yönəlik siyasət sərtləşdi. Azərbaycan dili ilə bağlı qadağalar möhkəmləndi, azərbaycanlıların, özəlliklə Türkiyə ilə sərhəddə yaşayan soydaşlarımızın köçünə rəvac verən siyasi manevrlər edilməyə başladı. Məqsəd bölgəni türksüzləşdirmək və əraziyə başqa etnik qrupları yerləşdirmək idi. Urmiya gölünün faciəsinin əsas səbəbi bunlardır. Hazırda gölün durumu olduqca fəlakətlidir. Gölün 95 faizi quruyub”.

Kərim Əsgəri bildirib ki, gölün bərpası mümkündür. 

“Əvvəlki vəziyyətə qaytarılması mümkün olmasa da, Urmiya gölünün qismən bərpası mümkündür. Sadəcə rejim gölə ayrılan su payını kəsməməli, Urmiyaya axan göllərin üzərində bənd tikintisi dayandırılmalıdır”.

Güneyli fəal deyib ki, Güney Azərbaycan Milli Hərəkatının Urmiya gölü ilə bağlı mövqeyi qətidir və güzəştsizdir:

“Milli Hərəkat çox yaxşı anlayır ki, rejimin gölün qurudulmasına rəvac verməsi bölgədə anti-türk siyasətinin tərkib hissəsidir. 2011-ci ildə Türkiyədə keçirilən toplantıda “Güney Azərbaycan türk dünyasının altın körpüsüdür” tezisini irəli sürdüm. Həqiqətən də Güneyin strateji önəmi Turan üçün çox vacibdir, önəmlidir. Bu gün Zəngəzur dəhlizi ilə bağlı oynanılan oyunları görürsüz.

Ermənistan, İran Türkiyə ilə Azərbaycanı, Turanı brləşdirəcək körpünün açılmasına imkan vermir. Zəngəzur Stalin dönəmində tarixi ədalətsizliklə Ermənistana verilib. Bu gün İranın əsarətində olan Güney Azərbaycan faktiki olaraq Turanın qızıl körpüsüdür. İran dövləti çalışır ki, həmin bölgədən türkləri fars bölgələrinə köçürsün”.

Fəlsəfə doktorunun sözlərinə görə, bəzi şübhələr var ki, İran Urmiya gölünün qurudulmasında Rusiyanın təcrübəsindən istifadə edir:

“Buna dair şübhələr var. Sovet zamanında Moskvanın planı ilə Turanın coğrafiyasında yerləşən Aral gölü quruldulmuşdu. İran eyni təcrübədən istifadə edir”. 

Güneyli fəalın fikrincə, İran parlamentinin azərbaycanlı deputatları da Urmiya fəlakəti ilə bağlı mövqeləri də qənaətbəxş deyil: 

“Sözdə millət vəkilləri səs almaq istəyəndə, xalqa işləri düşəndə bu problemi qaldırırlar. Lakin bütövlükdə onları mövqelərini qənaətbəxş saymırıq. Onların bu məsələ ilə bağlı ciddi mövqelərini görməmişik. Hökumətində Urmiya gölünün bərpa etmək kimi bir niyyəti yoxdur. İctimai rəyi çaşdırmaq üçün “göz boyamaq üçün” arada müəyyən layihələrdən danışırlar. Amma ciddi nəticə və niyyət yoxdur”.

Kərim Əsgəri bildirib ki, Urmiya gölünün quruması ciddi ekoloji fəlakətə yol açacaq, ağır xəstəlikərin yayılmasına səbəb olacaq:

“Urmiya gölünün qurumusı təkcə Güney Azərbaycan əhalisinə təsir etmir. Ərazidə yaranan ekoloji fəlakət İraqın, Türkiyənin şərqinin, Azərbaycanın, özəlliklə Naxçıvanın əhalisi üçün ciddi problemlər yaradacaq. Göldən qalxan duz fırtınası 100 kilometrlərlə uzağa yayılacaq. Bu baxımdan sərhədyanı dövlətlər problemin həllinə həssas yanaşmalıdırlar”.

Cebhe.info

“Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Urmu gölünü xilas et: ekoloji fəlakət qapıda” layihəsi çərçivəsində hazırlanmışdır və bu yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.